“ABŞ-nin açıq dəstəyi Ukraynaya yeni imkanlar açır”
ABŞ-nin Ukraynaya verdiyi yeni mesaj regionda vəziyyəti daha da gərginləşdirə bilər. Ekspertlər hesab edir ki, bu dəstək yalnız hərbi müstəvini gücləndirmir, həm də Avropa İttifaqı ilə Vaşinqtonun münasibətlərində strateji maraqların toqquşmasına təsir göstərir.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya verdiyi bu dəstək çoxqatlı hədəflərə xidmət edir:
“ABŞ-nin açıq dəstəyi Ukraynaya yeni imkanlar açır. Bu, ilk növbədə hərbi texnologiyalar, kəşfiyyat məlumatları və uzaqmənzilli hücum vasitələrinin istifadəsi deməkdir. Lakin məsələ yalnız Ukraynanın müdafiəsi ilə məhdudlaşmır. Vaşinqton Avropa İttifaqını iqtisadi və təhlükəsizlik baxımından öz orbitində saxlamağa çalışır. Trampın Prezidentliyi dövründən başlayaraq ABŞ Avropaya mesaj verir ki, NATO-ya əsas yükü onlar daşımalıdır və Avropa İttifaqı ABŞ siyasətindən kənara çıxmamalıdır. Bu gün verilən dəstəyin arxasında həmin strategiyanın davamı dayanır. Rusiyanın dərinliklərinə edilən mümkün hücumlar Moskvanın daxili sabitliyinə ciddi təsir edə bilər. Rusiyanın daxilində belə hücumlar əhalidə narahatlıq yarada və Kremlə təzyiqi artıra bilər. Amma eyni zamanda, bu, müharibənin sərhədlərini daha da genişləndirir. ABŞ bununla həm də Avropanı təzyiq altında saxlayır. Yəni, Avropa İttifaqı təhlükəni daha yaxından hiss etməli və Vaşinqtonun maraqları çərçivəsində hərəkət etməlidir. Avropa isə hələ də müstəqil müdafiə sənayesini gücləndirmək istəyir, bu isə ABŞ-nin xoşuna gəlmir”.
Həmçinin şərhçi qeyd edib ki, ABŞ ilə Rusiya arasında pərdəarxası razılaşmaların mövcudluğu ehtimalı da nəzərdən qaçırılmamalıdır:
“Bəzi proseslər göstərir ki, tərəflər öz maraqlarını təmin etmək üçün müəyyən səviyyədə gizli anlaşmalara gedirlər. Ukrayna bu maraqların qarşıdurma meydanına çevrilib. Bu gün müharibə yalnız Ukraynanın ərazi bütövlüyü məsələsi deyil, böyük güclərin strateji oyunlarının bir hissəsidir. Avropa İttifaqı və Britaniya da müharibənin qısa müddətdə bitməsində maraqlı görünmürlər. Əksinə, münaqişənin uzanması onların yeni təhlükəsizlik və enerji strategiyasına xidmət edir. ABŞ üçün isə əsas məqsəd Avropanı daha çox asılı vəziyyətdə saxlamaqdır. Yaxın aylarda verilən mesajlar göstərir ki, münaqişənin prioritetləri dəyişib və tərəflər Ukraynadan öz maraqlarını təmin etmək üçün vasitə kimi istifadə edirlər”.
Ayşə Müzəfərli
