00:00:00
Yazar
Admin User
20.08.2025 17:04 221 2 dəq oxuma
Siyasət

ABŞ-nin hücumu İranın nüvə silahı hazırlamasına mane olub

ABŞ-nin hücumu İranın nüvə silahı hazırlamasına mane olub

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinə müsahibəsində bildirib ki, İran dörd həftəyə nüvə silahı hazırlaya bilər. Ondan istifadə etmə ehtimalı var. Onun sözlərinə görə ABŞ-nin İranın nüvə obyektlərini bombalaması bu planların qarşısını alıb. Tramp qeyd edib ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Əsas uran zənginləşdirmə obyektləri tamamilə məhv edilib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnfotmator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin 12 günlük müharibədəki zərbələri İranın nüvə silahı hazırlığını ləngidib:

 

“ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr həqiqətən də İranın nüvə silahı hazırlamaq imkanlarını məhdudlaşdırıb və ya gecikdirdiyini deyə bilərik. Zənginləşdirilən uranı neytrallaşdırmaq mümkün olmasa da, rəsmi Tehran uranı zamanında nüvə obyektlərindən çıxararaq gizlətməyə müvəffəq olsa da infrastrukturun məhv edilməsi İranı həqiqətən də geri saldı. 

Amma bu hələ hər şeyin bitdiyi anlamına gəlmir. Yəni, başqa sözlə desək İrana qarşı yeni hərbi əməliyyatlar ehtimalı hələ ki, qalmaqda davam edir. Çünki İranla nüvə sazişinə dair danışıqlar faktiki olaraq nəticəsiz qalır, tətbiq edilən sanksiyalar isə İran rejimini nüvə zənginləşdirməsindən imtina edəcək qədər effektiv deyil. Odur ki, İsraildən, təbii ki, ABŞ-nin də aktiv dəstəyi ilə İrana qarşı yeni hərbi əməliyyatlar və hava zərbələri ehtimalı kifayət qədər yüksəkdir. Belə vəziyyət şübhəsiz ki, nəticəsi proqnozlaşdırıla bilinməyən hadisələrə yol aça bilər. Hərbi əməliyyatların uzanacağı halda təhlükəsizlik mühitindən tutan nəqliyyat dəhlizlərinə, idxal-ixrac balansına, neft qiymətlərinə və miqrasiya axınlarına qədər geniş spektri əhatə edən problemlər ortaya çıxacaq”.

 

Politoloq vurğulayıb ki, ABŞ-İran qarşıdurması Cənubi Qafqaza təsir edəcək: 

 

“Şübhəsiz ki, qarşıdurma halında və xüsusilə də bu qarşıdurmanın uzun sürəcəyi halda bundan ilk təsirlənən regionlardan biri də Cənubi qafqaz region olacaq. İlk olaraq ona görə ki, İran qonşuluqda yerləşən bir dövlətdir, İran və Azərbaycan arasında 756 kilometrlik bir sərhəd var. İkincisi, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır. İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Odur ki, dövlət və xalq olaraq bütün mümkün ssenarilərə hazırlıqlı olmağımız vacibdir. Beynəlxalq birliyin yeni qarşıdurmaya reaksiyasına gəldikdə isə söhbət ABŞ və İsraildən gedirsə beynəlxalq birliyin və ya beynəlxalq təşkilatların hansı reaksiyanı verməsi hər hansı bir əhəmiyyət daşımır. Bundan əvvəl baş verənlər, İsrailin və İranın bir-birinə qarşılıqlı hava hücumları, eləcə də 12 günlük müharibə göstərib ki, beynəlxalq birliyin nə mövqedə olmasından asılı olmayaraq toqquşma baş verib. İstər NATO, istər Aİ, istərsə də BMT ən yaxşı halda hansısa bəyanatlarla çıxış edə bilər ki, bu da heç nəyi dəyişməyəcək”.

 

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər