ABŞ-nin İrana qarşı sanksiya siyasətində yeni mərhələ
ABŞ-nin İranla əməkdaşlıq edən üçüncü ölkə və şirkətləri də sanksiyalarla hədələməsi Vaşinqtonun siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu mərhələ artıq təkcə İranın özünü deyil, onunla iqtisadi əlaqədə olan xarici tərəfləri də hədəfə alan sistemli “iqtisadi təcrid” siyasətini ehtiva edir. ABŞ artıq 60-a yaxın şəxs, şirkət və gəmini sanksiya siyahısına daxil edib və İranla maliyyə əlaqələrini davam etdirən ölkələrə dollar əsaslı maliyyə sistemindən kənarlaşdırılma xəbərdarlığı verib. Bununla belə, Çin kimi əsas tərəfdaşlara qarşı ən sərt addımlar hələlik təxirə salınıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirir ki, Vaşinqtonun bu istiqamətdə hesablaması kifayət qədər aydındır. Onun sözlərinə görə, İranın əsas gəlir mənbələrindən biri neftdirsə, yalnız İran şirkətlərini sanksiyaya məruz qoymaq kifayət etmir. İran neftini alan, daşıyan, sığortalayan və ödənişlərini həyata keçirən xarici şirkətlər də təzyiq altına salınmalıdır.
Politoloqun fikrincə, ABŞ bununla İran iqtisadiyyatının ətrafında, belə demək mümkünsə, “maliyyə divarı” yaratmağa çalışır və bu yanaşma müəyyən nəticələr verə bilər.
Rəşad Bayramov hesab edir ki, İranın tamamilə təcrid olunması isə daha mürəkkəb məsələdir. Çin, Rusiya və digər ölkələrin Vaşinqtonun tələblərinə nə dərəcədə tabe olacağı bu baxımdan həlledici əhəmiyyət daşıyır. Xüsusilə Çin İran neftinin ən böyük alıcısı olaraq qalır. Pekin ABŞ-nin birtərəfli sanksiyalarını legitim hesab etmədiyini bildirir və İranla ticarətini qorumağa çalışır.
“Bu səbəbdən yeni siyasət İranı təcrid etməklə yanaşı, Çin-Rusiya-İran iqtisadi əməkdaşlığının və dollar sistemindən kənar alternativ mexanizmlərin sürətlənməsinə də səbəb ola bilər”.
Politoloqun sözlərinə görə, beynəlxalq hüquq baxımından da məsələ kifayət qədər mübahisəlidir. ABŞ öz ərazisində və ABŞ maliyyə sistemindən istifadə edən subyektlərə qarşı sanksiyalar tətbiq etmək üçün daxili hüquqi mexanizmlərə malikdir. Lakin üçüncü ölkələrin sırf İranla qanuni ticarət apardıqları üçün cəzalandırılması məsələsi daha mürəkkəbdir. Vaşinqtonun ikinci dərəcəli sanksiyaları beynəlxalq hüquq baxımından tənqid olunur, çünki digər dövlətlərin öz iqtisadi siyasətini sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıra bilər.
Ekspert hesab edir ki, Çin də məhz bu arqumentdən çıxış edərək ABŞ tədbirlərini birtərəfli və legitim əsası olmayan məhdudiyyətlər kimi qiymətləndirir.
Rəşad Bayramovun fikrincə, ABŞ-nin İrana qarşı sanksiya siyasətinin qlobal enerji bazarı üçün yaratdığı risklər də kifayət qədər böyükdür. İran neftinin ixracının kəskin azalması və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşması neft və LNG qiymətlərinə əlavə təzyiq yarada bilər.
Politoloq Azərbaycan üçün mümkün təsirlərə də diqqət çəkərək bildirir ki, İranla quru ticarətinin və tranzitin zəifləməsi müəyyən çətinliklər yarada bilər. 2026-cı ilin martında Azərbaycan-İran sərhədində yük və tranzit hərəkətinin müvəqqəti dayandırılması da regiondakı təhlükəsizlik risklərinin nəqliyyata necə sürətlə təsir göstərə bildiyini təsdiqləyir. Digər tərəfdən, İran marşrutlarının riskli olması Azərbaycanın üzərindən keçən Orta Dəhlizin və alternativ regional logistika xətlərinin strateji əhəmiyyətini artıra bilər.
Politoloq Rəşad Bayramov hesab edir ki, ABŞ-nin üçüncü ölkələrə qarşı sanksiya siyasəti İranı sıxışdırmaq baxımından təsirli alət olsa da, onun əks-geosiyasi nəticələr yaratmaq riski də yüksəkdir.
“Vaşinqton İranın iqtisadi nəfəsini daraltmağa çalışarkən, eyni zamanda dünya iqtisadiyyatını daha çox iki paralel sistemə – ABŞ mərkəzli maliyyə şəbəkəsinə və ondan kənarda formalaşan alternativ ticarət mexanizmlərinə – ayırmaq prosesini sürətləndirə bilər”.
Süsən Mərdalıqızı