ABŞ-nin NATO-dakı rolu dəyişərsə, qlobal güc balansı necə təsirlənəcək?
Donald Tramp hazırda ABŞ-nin NATO-ya üzvlüyünü və Avropanın Ukraynaya hərbi yardım üçün dəstəyini yenidən qiymətləndirir. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Nyusmaks televiziya kanalında bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidentinin NATO siyasətini yenidən qiymətləndirməsi ilk növbədə Vaşinqtonun qlobal liderlik modelində müəyyən korrektələrin mümkünlüyünə işarə edir:
“Əgər ABŞ alyans daxilindəki öhdəliklərini zəiflədirsə və ya Avropanın Ukraynaya dəstəyində daha passiv mövqe tutursa, bu, transatlantik münasibətlərdə etimad boşluğu yarada bilər. ABŞ uzun illər NATO-nun əsas təhlükəsizlik təminatçısı kimi çıxış edib. Bu rolun zəifləməsi Avropa ölkələrini daha çox öz təhlükəsizlik arxitekturasını qurmağa məcbur edə bilər. Bu isə nəticə etibarilə ABŞ-nin qlobal siyasi çəkisinin nisbi şəkildə azalması və çoxqütblü sistemin daha da güclənməsi ilə nəticələnə bilər. Digər tərəfdən, ABŞ-nin NATO daxilində mövqeyinin dəyişməsi alyans daxilində fikir ayrılıqlarını dərinləşdirə və xüsusilə Şərqi Avropa ölkələri ilə Qərbi Avropa arasında təhlükəsizlik prioritetləri baxımından fərqləri artıra bilər. Belə bir zəifləmə Rusiyanın strateji baxımdan əlini gücləndirə bilər. Çünki Moskva uzun müddətdir NATO daxilində parçalanmanı əsas geosiyasi məqsədlərindən biri kimi görür. Əgər ABŞ-nin dəstəyi qeyri-müəyyən hala gələrsə, bu Vladimir Putinə həm Ukrayna məsələsində, həm də ümumilikdə Avro-Atlantik məkanında daha sərbəst manevr imkanları yarada bilər”.
Nuray Əliyeva