00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 22:19 125 2 dəq oxuma
Siyasət

“ABŞ-nin quru əməliyyatları müharibəni yeni mərhələyə daşıya bilər” - Hikmət Babaoğlu

“ABŞ-nin quru əməliyyatları müharibəni yeni mərhələyə daşıya bilər” - Hikmət Babaoğlu

ABŞ-nin quru əməliyyatlara başlaması Yaxın Şərqdə vəziyyəti yeni və daha təhlükəli mərhələyə daşıyıb. İran və İsrail arasında davam edən qarşıdurma fonunda bu addım genişmiqyaslı münaqişə ehtimalını gündəmə gətirir. Hazırda regionda baş verənlər beynəlxalq diqqətin əsas mərkəzindədir.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları İsrail və İran arasında müharibənin bir aydan çox davam etdiyini yaxşı bilir:

 

“Bu müharibə metod və üsullara görə 21-ci əsrin yeni müharibə növü kimi xarakterizə oluna bilər. Çox böyük itkilər olsa da, hələ tərəflərdən heç biri açıq üstünlük əldə etməyib. Bu isə onu göstərir ki, müharibə bir müddət davam edəcək. Lakin bu müharibəni sadəcə ABŞ, İsrail və İran üçbucağında qiymətləndirmək doğru olmaz. Arxa fonda digər müharibə iştirakçılarının, xüsusən körfəz ölkələri və onların neft alaraq iqtisadiyyatlarını təmin edən ölkələr, həmçinin bölgədə strateji maraqları olan qlobal güclərin mövqeyi də önəmlidir. Bu baxımdan müharibənin dərin qatlarını yalnız bir kuliminasiya nöqtəsi, yəni tərəflərdən birinin qırılma nöqtəsinə çatması müəyyən edə bilər. Hələlik isə belə bir vəziyyət baş verməyib”.


Hikmət Babaoğlu ABŞ-nin İran ərazisinə quru qoşunlarını çıxarma perspektivlərinə də toxunub:

 

"Bəzi strateqlər düşünür ki, yalnız quru əməliyyatlarla İranı diz çökdürmək mümkündür. Amma digər ekspertlər bunun hərbi məntiqə zidd olduğunu və əksinə İranın güclü tərəflərdən yararlanacağını deyirlər. Hər halda, ABŞ qoşunlarının İranın quru ərazisinə çıxarılması müharibədə yeni mərhələ yaradacaq. Amma ABŞ hələ real addımlar atmayıb, çünki quru əməliyyatlar üçün yaxın tərəfdaşlarının koordinasiyası zəruridir. Birləşmiş Ərəb Əmirləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanı kimi ölkələr göstərilsə də, onların bu məsələdə vahid mövqeyi yoxdur. Lakin hamısının müharibədən eyni dərəcədə ziyan gördüyü ortadadır, bu da yekun qərarın qəbulunu tələb edir”.

 

Deputat əlavə edib ki, bu kontekstdə yeni ittifaqların yaranması da mümkündür:

 

“Bu ittifaqların konturları İbrahim sazişi ilə bağlı loyal və ya qoşulmaq istəyən ölkələr arasında formalaşa bilər. Müharibənin davam etməsi isə bu ittifaqların yaranmasını sürətləndirə bilər. Hazırkı vəziyyətdə diplomatik danışıqlar üçün meydança yoxdur. Yalnız tərəflərdən biri digəri üzərində açıq üstünlük əldə etdikdə zəif tərəf diplomatik danışıqlara müraciət edə bilər. Hələlik döyüş meydanında isə pat vəziyyəti hökm sürür və müharibə davam edəcək”.


Nuray Əliyeva

#müharibəni #gündəm #bilər” #quru #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər