ABŞ-nin sirli “İran ssenarisi” Çin də işə qarışdı
Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ-nin regiondakı hərbi varlığını gücləndirməsi və İranın buna cavab bəyanatları fonunda Çin öz strateji gedişini edir. Enerji təhlükəsizliyi və qlobal hegemonluq uğrunda mübarizənin mərkəzinə çevrilən İran-ABŞ böhranında son 24 saatın xülasəsini və ekspert rəylərini diqqətinizə çatdırırıq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirir ki, Yaxın Şərqdəki böhran , yəni Amerika-İran müharibəsi bütün bölgə ölkələrinə təsir edir:
“Bu nəinki bölgə ölkələrinə ümumiyyətlə, qlobal səviyyədə ciddi təsirlərini göstərməkdədir. Xüsusilə, Hörmüzdə boğazların bağlanması və enerji bazarında yaranan gərginlik dünya iqtisadiyyatına ciddi təsir edir.
Bu savaş yalnız regional deyil, eyni zamanda qlobal xarakter daşıyır. Çinin bu prosesə münasibətinə gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, Çin dünyanın ikinci super gücü roluna iddialıdır və dünyanın müxtəlif ölkələrində geniş maraqlara malikdir. Bu maraqları qorumaq üçün müəyyən addımlar atır. Eyni zamanda, İranla Çin arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Çin İran iqtisadiyyatına 25 il müddətində 400 milyard dollar həcmində investisiya yatırılması ilə bağlı razılaşmalar əldə edib. Çinin əsas enerji təminatçılarından biri məhz İrandır və İran ətrafında baş verən hadisələr birbaşa Pekinə təsir göstərir.
Bundan əlavə, Çinin Yaxın Şərqdə də mühüm maraqları var. Son illərdə Çin bölgə ölkələri ilə yalnız İranla deyil, həm də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər dövlətlərlə ciddi münasibətlər qurub. Bu münasibətlərin bir qismi artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu isə ABŞ-ni ciddi şəkildə narahat edən amillərdən biridir”.
Həmçinin Oqtay Qasımov qeyd edir ki, eyni zamanda, İran ətrafında baş verən qarşıdurma müəyyən mənada ABŞ-nin dolayısı ilə Çinə qarşı apardığı mübarizə kimi də qiymətləndirilir:
“Belə ki, ABŞ prezidenti Donald Trampın planlaşdırılan görüşləri ərəfəsində bu proseslərin başlanmasında əsas məqsədlərdən biri İran daxilində qısa müddətdə siyasi dəyişikliklərə nail olmaq idi. Bu yolla Vaşinqton özünə yaxın qüvvələri hakimiyyətə gətirməyi və Venesuela ssenarisinə bənzər vəziyyət yaratmağı hədəfləyirdi. Bununla yanaşı, ABŞ İranın enerji sektoruna nəzarəti ələ keçirməklə bölgədəki mövqelərini gücləndirməyə çalışırdı. Qeyd edildiyi kimi, İran Çinin əsas enerji təminatçılarından biridir. Bu sektor üzərində nəzarətin ABŞ-yə keçməsi Tramp administrasiyasının mövqelərini daha da gücləndirə və Çinə qarşı daha sərt şərtlər irəli sürməsinə şərait yarada bilərdi. Lakin bu planlar tam şəkildə reallaşmadı. Çinin İranı dəstəkləməsi bu prosesləri xeyli dərəcədə ləngitdi və bəzi hallarda qarşısını aldı. Bundan sonrakı mərhələdə ABŞ, Çin və İran arasında keçirilə biləcək danışıqların perspektivinə gəlincə, ehtimal olunur ki, Donald Tramp müəyyən nəticələr əldə etməyə çalışacaq. Artıq İranın enerji sektoruna, xüsusilə elektrik stansiyalarına yönəlmiş zərbələr də bu məqsədə xidmət edir. Ekspertlərin fikrincə, sonda ABŞ, necə ki Ukrayna-Rusiya münaqişəsində Çinlə məsləhətləşmələr aparırdı, bu məsələdə də Pekinlə danışıqlara getmək məcburiyyətində qala bilər. Çin artıq ikinci qlobal güc kimi öz iddialarını açıq şəkildə ortaya qoyur və münaqişənin qısa müddətdə dayandırılmasının tərəfdarıdır. ABŞ və İsrailin İranda başlatdığı proseslərə qarşı Çin müəyyən mənada əks mövqe sərgiləyir. Pekinin Tehrana verdiyi dəstək Vaşinqtonun planlarının pozulmasına yönəlib. Yayılan məlumatlara görə, Çin İrana kəşfiyyat məlumatları ötürür, eyni zamanda onu müasir naviqasiya sistemləri ilə təmin edir. Bu isə İranın raket və pilotsuz uçuş aparatlarının hədəfləri daha dəqiq vurmasına imkan yaradır. Nəticə etibarilə, bütün bu amillər ABŞ-nin İranla bağlı planlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır”.
Ədilə Hüseynzadə