ABŞ-nin Yaxın Şərq siyasəti uğurludurmu?
Yaxın Şərq uzun illərdir ABŞ-nin xarici siyasətində əsas istiqamətlərdən biri olaraq qalır. Vaşinqton regionda təhlükəsizliyi təmin etmək, müttəfiqlərini qorumaq və enerji maraqlarını təmin etmək məqsədilə müxtəlif strategiyalar həyata keçirib. Lakin son hadisələr, artan gərginlik və davam edən qarşıdurmalar ABŞ-nin bu siyasətinin nə dərəcədə uğurlu olduğu sualını yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ-nin Yaxın Şərq siyasəti təbii ki, öz maraqlarını əhatə edir:
“Yaxın Şərq ölkələrinin təhlükəsizliyi də onlara görə deyil, ABŞ-nin maraqlarına daha faydalı xidmət etmələri üçündür. Neft və digər sərvətləri ABŞ və Avropa ölkələrinin mədəni istismarı həm də bu ölkələrin istilası deməkdir. Çünki İran raketlərindən ABŞ onları qorumaq istəmir. Əksinə bu müharibəni də ABŞ-nin əvəzindən onların aparmasını istəyir. ABŞ-nin Yaxın Şərqdəki siyasəti istila siyasətidir. İsrailin maraqları naminə istənilən addımı atmağa hazır olan ABŞ şübhəsiz ki, Yaxın Şərqdə sülhü ancaq öz istilası altında istəyir. İsrailin planı "Vəd edilmiş torpaqlar" çərçivəsində "Böyük İsrail" qurmaqdırsa ABŞ-də ona dəstək verirsə Yaxın Şərqdə heç bir sülhdən söhbət gedə bilməz. Əksinə bu böyük səlib yürüşünün davamı kimi qiymətləndirilir. Çin və Rusiyanın da öz maraqları var. O maraqlar da heç də sülhə və tərəqqiyə xidmət etmir. Suriyada Rusiya və İranın dağıdıcı fəaliyyətinə bütün dünya şahid oldu. Nəticədə, Türkiyə Suriyanı xilas etmiş oldu. Hər bir halda Çin, Rusiya İttifaqı və ABŞ-İsrail, Avropa İttifaqının Yaxın Şərqdəki məqsədi yalnız öz maraqları üçün istifadə və o ərazini daimi gərgin saxlamaqdır. Çünki sabitlik baş versə yeni maraqlarını təmin edə bilməzlər. Qlobal güc balansı Yaxın Şərqdə dəyişir. Üstünlüyü Türkiyə ələ alana qədər Yaxın Şərqdə müharibə, münaqişə əskik olmayacaq”.
Gövhər Mehyəddinova