ABŞ-nin Yaxın Şərqdə növbəti addımı
ABŞ-nin Dəməşqdə hərbi baza yaratmaq planı, Yaxın Şərqdə balansı dəyişə biləcək yeni mərhələnin başlanğıcını göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım Suriya ilə İsrail arasında gərginliyin azaldılması üçün vacibdir:
“ABŞ-nin Dəməşqdə hərbi baza yaratmağa cəhd göstərməsini, Rusiya və İran ciddi etirazla qarşılayacaq. Məlum məsələdir ki, ümumilikdə Suriyada ABŞ-nin hərbi kontingenti var. Bu, kifayət qədər kiçik bir qruplaşmadır və daha çox kürdlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Daha ciddi hərbi bazaların yaradılmasına, təbii ki, Rusiya və İran mane olmağa çalışacaq. Lakin onların imkanları da kifayət qədər məhduddur.
Bu hərbi mövcudluq, regionun təhlükəsizliyi üçün, Suriya ilə İsrail arasında gərginliyin azaldılması üçün vacibdir. Yaxın günlərdə planlaşdırılan görüş isə iqtisadi sanksiyaların yumşaldılmasına, ABŞ ilə Suriya arasında daha sıx iqtisadi əməkdaşlığa gətirib çıxara bilər ,eyni zamanda investisiyaların cəlb olunmasına və Suriyanın yenidən qurulmasına şərait yarada bilər”.
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, ABŞ ilə əlaqələrin inkişafı regionda balansının dəyişməsinə səbəb ola bilər:
“Digər tərəfdən, ABŞ ilə əməkdaşlıq eyni zamanda Avropa ölkələri ilə əməkdaşlığa imkan yarada bilər. Suriyanın ağır vəziyyətdən çıxmasına yardım edə bilər. Eyni zamanda, ABŞ ilə əlaqələrin inkişafı regionda balansının dəyişməsinə səbəb ola bilər. Bu vaxta qədər Suriyada Rusiya, İran və Türkiyə əsas güc mərkəzləri sayılırdısa, indi ABŞ-nin bölgədə yerləşməsi bu balansın ciddi şəkildə dəyişməsinə səbəb ola bilər.
İsrail, ABŞ-nin NATO-dan kənar birinci müttəfiqidir. Və heç kimə sirr deyil ki, ABŞ-nin istəmədiyi, dəstək vermədiyi heç bir addımı İsrail indiyə qədər atmayıb və yəqin ki, bundan sonra da atmayacaq. ABŞ-nin Suriya ilə münasibətlərin yumşalmasına və yaxşılaşmasına yönəlik siyasəti, Suriya ilə İsrail arasında gərginliyin azalmasına xidmət edəcək, münasibətlərin yaxşılaşmasına təsir göstərəcək. Bu da bölgədə ümumi gərginliyin azalmasına gətirib çıxaracaq”.
Zəri Bayramlı
