00:00:00
Yazar
Asiman Vəliyeva
21.04.2026 18:53 65 3 dəq oxuma
Siyasət

ABŞ Prezidenti: İranla atəşkəs bitərsə, çoxlu bombalar partlayacaq

ABŞ Prezidenti: İranla atəşkəs bitərsə, çoxlu bombalar partlayacaq

Tramp İslamabadda keçiriləcəyi gözlənilən danışıqlarda İranın iştirak edib-etməyəcəyi məsələsinə də münasibət bildirib: “Bilmirəm. Onların orada olmalı olduğu deyilir. Biz razılaşmışıq ki, orada olaq, baxmayaraq ki, onlar bunu inkar edirlər. Amma bu, planlaşdırılıb. Görəcəyik orada olacaqlarmı. Əgər olmasalar, problem deyil”.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, 
hər iki tərəfin sərt ritorikası informasiya müharibəsinin bir hissəsi kimi qəbul olunmalıdır:

 

"Hazırda ABŞ və İran arasında gərginlik fonunda səslənən sərt bəyanatlar və İslamabadda gözlənilən danışıqlar ətrafındakı qeyri-müəyyənlik tərəflərin bir-birinə təzyiq göstərmək cəhdidir və masada daha çox güzəşt əldə etməyə hesablanıb. ABŞ Prezidentinin atəşkəs bitərsə, çoxlu bombalar partlayacaq deməsi də bir tərəfdən güc nümayişi, digər tərəfdən isə qarşı tərəfə psixoloji təzyiq mesajıdır. İslamabadın vasitəçi platforma kimi seçilməsi diqqətəlayiq haldır. İslamabad kimi neytral və nisbətən balanslı aktorların ev sahibliyi etdiyi görüşlər tərəflərə bir neçə üstünlük verir. Ən vacibi odur ki, bu format birbaşa qarşıdurma atmosferini yumşaldır və tərəflərə bərabər əsaslarla danışıqlara qatılmaq imkanı yaradır. ABŞ və İran kimi açıq düşmənçilik mövqeyində olan aktorlar üçün üçüncü bir platforma daxili siyasi riskləri azaltmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, belə vasitəçi platformalar uğursuzluq halında məsuliyyətin birbaşa tərəflərin üzərinə düşməsinin də qarşısını qismən alır. Görüşlə bağlı ziddiyyətli bəyanatlar isə təsadüfi deyil, əksinə, məqsədli şəkildə həyata keçirilir və bu diplomatik taktikanın tərkib hissəsidir. Həm ABŞ, həm də İran müharibədən qaçmaqda maraqlıdırlar və bu da məhz görüşlər və danışıqlar yolu ilə mümkündür.  ABŞ tərəfi üçün vacib olan danışıqların uğursuz olacağı halda siyasi məsuliyyəti minimuma endirməkdən, İran üçün isə daxildə sərt xətt tərəfdarlarının təzyiqini balanslaşdırmaq üçün “məcburi güzəşt” görüntüsündən yayınmaqdan ibarətdir. Hər iki tərəfin sərt ritorikası informasiya müharibəsinin bir hissəsi kimi qəbul olunmalıdır".


Müsahib vurğulayıb ki,  “Bombalar partlayacaq” kimi ifadələr də real müharibənin birbaşa anonsu deyil, daha çox eskalasiya təhdidi vasitəsidir:


" Bu, opponentə göstərilən maksimum təzyiq siqnalıdır. Yəni Tramp demək istəyir ki, əgər diplomatik nəticə əldə olunmasa, hərbi variant masadadır. Bu cür ritorika həm danışıqlar masasında üstünlük qazanmaq, həm də qarşı tərəfi daha çevik davranmağa məcbur etmək məqsədi daşıyır. Bu eyni zamanda riskli strategiyadır, çünki yanlış interpretasiya edildikdə eskalasiyanı sürətləndirə bilər. Atəşkəsin pozulma risk faktorları isə çoxşaxəlidir. İlk növbədə Hörmüz boğazı kimi strateji ərazilərdə baş verə biləcək hər hansı insident dərhal genişmiqyaslı gərginliyə çevrilə bilər. İkinci mühüm faktor İran daxilində güc balansıdır. Xüsusilə, SEPAH-ın sərt xətt mövqeyi kompromis imkanlarını məhdudlaşdırır və qərarvermə prosesini daha aqressiv istiqamətə yönəldə bilər. Üçüncüsü, ABŞ daxilində siyasi təzyiqlər və İsrail kimi regional aktorların sərt mövqeyi də danışıqlara təsir göstərir. İsrail İranla bağlı istənilən yumşalma prosesini təhlükəsizlik riskləri kontekstində qiymətləndirir və bu da ABŞ-nin manevr imkanlarını daraldır. ABŞ və İran arasında indiki dövrü “idarə olunan gərginlik” dövrü kimi xarakterizə etmək olar. Yəni, tərəflər eyni zamanda həm təzyiq göstərir, həm də danışıqlar kanallarını tam bağlamamağa çalışır. İslamabadda gözlənilən görüş də bu balansın növbəti sınaq nöqtəsidir. Uğur ehtimalı daha çox məhdud razılaşma və atəşkəsin uzadılması istiqamətindədir".


Səmayə Səftərova

#i̇ranla #prezidenti: #çoxlu #bombalar #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər