00:00:00
Yazar
Elmira Ağayeva
17.10.2026 23:19 169 6 dəq oxuma
Siyasət

Rusiya ilə Ermənistan arasında dəmir yolu məsələsində fikir ayrılıqları qalır – ŞƏRH

Rusiya ilə Ermənistan arasında dəmir yolu məsələsində fikir ayrılıqları qalır – ŞƏRH

 

Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşlə bağlı Rusiya Dəmir Yolları bəyanat yayıb.

Bildirilib ki, Rusiya Dəmir Yolları Ermənistan hökuməti ilə dialoqa və konsessiya müqaviləsinin effektivliyinin birgə qiymətləndirilməsinə açıqdır.

“Rusiya və Ermənistan Ermənistanın dəmir yolu şəbəkəsindən istifadə etməklə tranzit kommunikasiyalarının imkanlarını qiymətləndirmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Rusiya Dəmir Yolları Ermənistan dəmir yolu ilə bağlı konsessiya müqaviləsinin şərtlərinə qətiyyətlə riayət etmək niyyətindədir”, – deyə bəyanatda qeyd olunub.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla Ermənistan dəmir yolları ilə bağlı Rusiya ilə uzun müddətdir davam edən fikir ayrılıqlarına və problemin həlli istiqamətində aparılan danışıqlara münasibət bildirib:

 

 

“Bu yaxınlarda Rusiya Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Oleq Belozerovun Ermənistana səfəri olub. Həmin səfər çərçivəsində tərəflər arasında müəyyən razılaşmanın əldə olunduğu bildirilir. Bu razılaşmaya əsasən, Rusiya və Ermənistan tranzit kommunikasiyalarının inkişaf potensialını, eləcə də Cənubi Qafqaz Dəmir Yolunun idarəetmə səmərəliliyini qiymətləndirmək üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Razılaşmanın əsas məqsədi Ermənistanın dəmir yolu şəbəkəsindən beynəlxalq və regional nəqliyyat layihələrində hər iki tərəfin birgə iştirakını təmin etmək və bunun üçün lazımi şərait yaratmaqdır.

Lakin düşünmürəm ki, bu addımla tərəflər arasındakı fikir ayrılıqları tamamilə aradan qalxıb. Çünki Ermənistan Rusiya ilə regional münasibətlərini yeni geosiyasi reallıqlara uyğun qurmağın tərəfdarıdır. Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistan dəmir yollarının fəaliyyəti də yeni regional şərtlərə uyğunlaşdırılmalıdır. Hazırda ölkənin dəmir yolu şəbəkəsinin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası mümkün olmur. Bu səbəbdən Ermənistan rəhbərliyi regionda tamamilə yeni vəziyyətin yaranmasını vacib sayır və Rusiya ilə 2008-ci ilin fevralında imzalanmış konsessiya müqaviləsinə yenidən baxılmasını tələb edir.

Ermənistan bundan əvvəl də inteqrasiya planlarını, o cümlədən TRIPP layihəsi çərçivəsində Cənubi Qafqaz Dəmir Yolunun konsessiya hüququnun üçüncü tərəfə verilməsi məsələsini gündəmə gətirmişdi. Hətta Nikol Paşinyan bu prosesdə Rusiyaya dost olan dövlətlərin iştirak edə biləcəyini bildirmişdi. Daha sonra isə fərqli təklif irəli sürərək Rusiyanın konsessiya hüququnu başqa bir investor şirkətə sata biləcəyini bəyan etmişdi. O, hətta başqa bir xarici investorun artıq mövcud olduğunu, həmin investorun Rusiyaya 400 milyon dollar ödəmək istədiyini və Rusiyanın da buna razılıq verdiyini bildirmişdi. Lakin sonradan Rusiya tərəfi mövcud müqavilənin şərtlərinə riayət etmək niyyətində olduğunu və dəmir yolu infrastrukturuna birbaşa investisiya yatırmaq istədiyini bəyan etdi.

Göründüyü kimi, məsələ kifayət qədər mürəkkəbdir. Rusiya ilə Ermənistan arasında yaranmış siyasi fikir ayrılıqları Cənubi Qafqaz Dəmir Yolunun fəaliyyətinə də təsir göstərir.

Ermənistanın dəmir yolu şəbəkəsi 2008-ci il müqaviləsinə əsasən Rusiyanın törəmə şirkətinin idarəçiliyində olsa da, bunun Zəngəzur dəhlizinə hər hansı hüquqi aidiyyətinin olduğunu düşünmürəm. Çünki Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra Ermənistanın dəmir yolu şəbəkəsinin bir sıra hissələri sıradan çıxarılıb. Bunlara Horadiz–Mehri–Arazdəyən–Ordubad xəttinin Ermənistan ərazisindən keçən Mehri və Arazdəyən hissələri, Gümrü–Türkiyə sərhədi istiqamətindəki xətt, Arazdəyəndən Naxçıvan Muxtar Respublikasının sərhədinə qədər olan hissə, həmçinin Bakı–Qazax–İcevan dəmir yolunun Qazax–İcevan və Dilican sahələri daxildir. Bu xətlərin sıradan çıxarılması Ermənistanın blokadaya düşməsinin əsas səbəblərindən birinə çevrilib.

Bütün bu infrastruktur sıfırdan bərpa olunmalıdır. Rusiya ilə 2008-ci ildə imzalanmış müqavilədə isə sözügedən dağıdılmış xətlər nəzərə alınmayıb. Çünki Rusiya həmin ərazilərdə yeni dəmir yolu tikməyib və mövcud xətləri bərpa etməyib. Müqavilə imzalanan zaman Ermənistanda Robert Koçaryanın hakimiyyəti idi, Azərbaycan torpaqları işğal altında idi və müharibə şəraiti hökm sürürdü. Rusiya Ermənistanın dəmir yolu şəbəkəsini idarəçiliyinə götürərkən konsessiya müqaviləsini yalnız ölkənin şimalını Gürcüstanla birləşdirən, İrəvana və oradan cənuba, yəni Arazdəyənə qədər uzanan işlək hissə üzrə rəsmiləşdirib.

İndi Ermənistan Rusiyadan həmin dağıdılmış hissələri bərpa etməyi tələb edir. Rusiya isə bildirir ki, bu öhdəliklər müqavilədə nəzərdə tutulmayıb və o, həmin ərazilərə əlavə vəsait xərcləmək niyyətində deyil. Bu baxımdan, tranzit marşrutunun, yəni bizim Zəngəzur dəhlizi adlandırdığımız dəmir yolu xəttinin Rusiyanın konsessiya müqaviləsinə heç bir aidiyyəti yoxdur. Çünki Rusiya həmin ərazi üzrə hər hansı öhdəlik götürməyib.

Sözügedən dəmir yolu xətti ilə bağlı ABŞ ilə müqavilə bağlanıb və yolun tikintisi ilə ABŞ və Ermənistan tərəfindən birgə təsis edilmiş TRIPP Development Company məşğul olacaq. Rusiyanın ABŞ ilə birgə layihədə iştirak edəcəyini və ya bu konsorsiuma daxil ediləcəyini mümkünsüz hesab edirəm. Əksinə, Rusiya ABŞ-nin bu regiona gəlişindən və Şimal–Cənub dəhlizinin strateji hissəsi hesab edilən Zəngəzur dəhlizinə nəzarət etməsindən ciddi şəkildə narahatdır. Buna görə də Ermənistana təzyiqlərini artırır. Bəzən İranın və ya Rusiyanın bu layihədə ABŞ ilə birgə iştirak edəcəyi iddia olunsa da, bu, real görünmür.

Ermənistanın mövqeyinə gəlincə, hesab edirəm ki, Paşinyan hakimiyyəti burada daha çox siyasi manevrlər edir. Rusiya ilə əldə olunduğu bildirilən son razılaşmalar Moskvanın təzyiqlərini neytrallaşdırmaq, mövqeyini yumşaltmaq və müəyyən iqtisadi embarqoları aradan qaldırmaq məqsədi daşıyır. Konsessiya müqaviləsi 30 il müddətinə nəzərdə tutulsa da, bu müddət 20+10 il formulu ilə tənzimlənir. Yəni 20 ildən sonra tərəflərdən biri müqaviləni daha 10 il uzatmaq istəmədiyini bildirərək sazişdən çıxa bilər. Müqavilənin ilk 20 illik müddəti 2028-ci ildə başa çatır. Düşünürəm ki, Nikol Paşinyan hazırda məhz həmin mərhələyə hazırlaşır və onun bəyanatları 2028-ci ildə sazişdən çıxmağa hesablanıb.

Böyük ehtimalla, 2028-ci ildə Ermənistan Rusiya ilə konsessiya müqaviləsinə xitam verəcək və Rusiyanın təzyiqlərinə baxmayaraq, dəmir yolunun idarəçiliyini Avropa İttifaqına üzv ölkələrdən ibarət konsorsiuma və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələrindən olan investorlara həvalə edəcək”.

Siyasi şərhçi Rusiya ilə Ermənistan arasındakı fikir ayrılıqlarının əsas səbəblərindən birinin də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı geosiyasi maraqların toqquşması olduğunu bildirib:

“Rusiya-Ukrayna müharibəsi səbəbindən ciddi maliyyə çatışmazlığı və problemlərlə üzləşən Rusiyanın xarici ölkə ərazisində irimiqyaslı investisiyalar yatırması və dəmir yolu sistemini inkişaf etdirməsi inandırıcı görünmür. Siyasi soyuqluq fonunda dəmir yolları sahəsində əldə olunduğu deyilən razılaşmalar formal xarakter daşıyır və heç bir müsbət nəticə verməyəcək. Ermənistan sadəcə vaxt qazanmağa çalışır. Rusiya isə konsessiya hüququnu qorumaqla ABŞ-nin Ermənistandakı biznes layihələrinin qarşısını almağa cəhd edir.

Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Çünki hesab edir ki, ABŞ bu tranzit marşrutunu reallaşdırmaqla Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında parçalanma yaradır.

Rusiya ilə Ermənistan arasındakı əsas qarşıdurma da məhz bundan qaynaqlanır. Moskva bildirir ki, Ermənistan Aİİ-nin və Gömrük İttifaqının üzvüdür. Bu səbəbdən ölkənin şimalında bir, cənubunda isə fərqli gömrük qaydaları tətbiq oluna bilməz. Əgər Zəngəzur dəhlizi layihəsi ABŞ–Ermənistan konsorsiumu tərəfindən reallaşdırılarsa, Amerika tərəfi daşımalar üçün yeni gömrük qaydaları müəyyən edəcək. Müqaviləyə əsasən, TRIPP Development Company-də ABŞ-nin payı 74 faizdir. Təbii ki, ABŞ bu zaman Aİİ-nin və Gömrük İttifaqının qaydalarını nəzərə almayacaq, öz maraqlarını rəhbər tutacaq. Bu isə Rusiyanın geosiyasi və strateji maraqlarına tamamilə ziddir.

Bütün bu amilləri nəzərə alaraq bildirirəm ki, Rusiya ilə Ermənistan arasında dərin fikir ayrılıqları qalmaqdadır. Müəyyən müddətdən sonra tərəflər konsessiya məsələsində yenidən açıq qarşıdurma vəziyyətinə gələcəklər. Ermənistan isə bu cür müvəqqəti razılaşmalarla vaxt qazanaraq 2028-ci ildə Rusiya ilə müqaviləni tamamilə ləğv etməyə hazırlaşır”.

Müşfiq Abdullanın sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Moskva hesab edir ki, ABŞ-nin bu tranzit marşrutunu reallaşdırması Avrasiya İqtisadi İttifaqının məkanında parçalanmaya səbəb ola bilər. Abdulla vurğulayıb ki, tərəflər arasında siyasi fikir ayrılıqları dərin olaraq qalır və dəmir yolu məsələsi gələcəkdə yenidən qarşıdurma mövzusuna çevrilə bilər.

Aysu Qədirzadə

#məsələsində #gündəm #qalır #baki #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər