ABŞ qüvvələri narkoterrorçulara zərbə endirib
Çərşənbə axşamı Oval Ofisdə jurnalistlərlə danışan Tramp ABŞ qüvvələrinin Venesuela yaxınlığında “narkotik daşıyan qayıq”ı “vurub məhv etdiyini” bildirib.
“Qayıqda çoxlu narkotik var idi", – deyə o əlavə edib. Tramp qeyd edib ki, hadisə ilə bağlı ona Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn məlumat verib. Daha sonra prezident “Truth Social” platformasında paylaşım edərək yazıb:
“Bu səhər mənim əmrlərimlə ABŞ Hərbi Qüvvələri SOUTHCOM məsuliyyət bölgəsində dəqiq müəyyən edilmiş Tren de Aragua narkoterrorçularına qarşı kinetik zərbə endirib".
O əlavə edib: “Zərbə nəticəsində 11 terrorçu döyüşdə məhv edilib. Heç bir ABŞ hərbçisi zərər görməyib. Bu, ABŞ-yə narkotik gətirməyi ağlından keçirən hər kəs üçün xəbərdarlıq olsun. DİQQƏTLİ OLUN!”
Onun paylaşımına dalğalı dənizdə sürətlə hərəkət edən bir motorlu qayığın, daha sonra isə alova bürünməsinin göründüyü keyfiyyətsiz hava çəkilişi də əlavə olunub.
BBC NEWS
Məmmədova Banuçiçək