00:00:00
Yazar
Nərmin Həşimova
13.05.2026 19:59 61 4 dəq oxuma
Siyasət

ABŞ qoşunlarını Almaniyadan çıxarır- ŞƏRH

ABŞ qoşunlarını Almaniyadan çıxarır- ŞƏRH

ABŞ administrasiyasının Almaniyadan minlərlə hərbçini çıxarmaq qərarı NATO daxilində ciddi narahatlığa səbəb olub. Polşanın Baş naziri Donald Tusk bu addımın alyans üçün risk yaratdığını bildirərək, NATO daxilində parçalanma təhlükəsinə diqqət çəkib. Ekspertlər isə qərarın Avropadakı təhlükəsizlik balansına təsir edə biləcəyini deyirlər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, həm ABŞ-nin mövqeyi, həm də ümumilikdə dünyada cərəyan edən proseslər ilkin olaraq belə bir təsəvvür formalaşdırır ki, NATO artıq əvvəlki kimi güclü və etibarlı təhlükəsizlik platforması olmayacaq:


“Yəni, ən azından yaxın illərdə NATO-nun həm struktur baxımından, həm də dünyada baş verən proseslərə təsir imkanları baxımından zəifləyəcəyini söyləmək mümkündür. Sözsüz ki, burada ABŞ-nin, daha dəqiq desək, Tramp administrasiyasının sərgilədiyi mövqe həlledici rol oynayır. Çünki NATO birbaşa ABŞ-nin liderliyi altında fəaliyyət göstərib və təşkilatın əsas maliyyə yükünü də məhz ABŞ qarşılayıb. Buna görə də NATO uzun illər ABŞ-nin qlobal liderlik strategiyasının əsas alətlərindən biri olub. Yəni artıq həm NATO-nun fəaliyyət sistemi, həm də beynəlxalq proseslərə reaksiya mexanizmi formalaşıb. İndi isə bu sistemin əhəmiyyətini itirməsi NATO ilə bağlı ciddi qeyri-müəyyənlik yaradır. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirib ki, NATO artıq ABŞ üçün əvvəlki qədər vacib deyil. O qeyd edib ki, ABŞ ehtiyac duyduğu bəzi məqamlarda NATO-dan istədiyi dəstəyi ala bilməyib və buna görə də bu təhlükəsizlik sistemi Vaşinqton üçün əvvəlki qədər cəlbedici görünmür. Əslində hesab edirəm ki, NATO ABŞ üçün deyil, daha çox ABŞ-nin NATO üçün vacib olduğu bir platformadır. Çünki NATO ABŞ-nin dünyadakı geosiyasi və təhlükəsizlik maraqlarını həyata keçirmək üçün formalaşdırılan əsas mexanizmlərdən biridir”.


Politoloq qeyd edib ki, Avropa ölkələri də uzun illər ABŞ-nin qlobal strategiyasına dəstək verən tərəflər kimi çıxış ediblər:


“Lakin Tramp administrasiyası demokratlardan tamamilə fərqli mövqe sərgiləyir. Demokratlar heç vaxt NATO təhlükəsizlik sistemindən imtina etməyi gündəmə gətirmirdilər. Tramp isə açıq şəkildə NATO-ya əvvəlki qədər bağlı olmadığını göstərir. Bu yanaşma gələcəkdə NATO-nun parçalanmasına, ən azından struktur baxımından ciddi şəkildə zəifləməsinə və ənənəvi fəaliyyət istiqamətinin dəyişməsinə səbəb ola bilər. ABŞ-nin Almaniyadan 5 min hərbi personal çıxarmaq qərarı verməsi, gələcəkdə isə İtaliya və İspaniyadan da müəyyən qüvvələri geri çəkmək niyyətini bildirməsi onu göstərir ki, Avropa artıq təhlükəsizlik məsələlərində ABŞ-yə əvvəlki kimi güvənə bilməyəcək. Bu isə dünya geosiyasi mənzərəsinə ciddi təsir göstərəcək. Çünki NATO və ABŞ-nin dəstəyi sayəsində Avropa İttifaqı beynəlxalq münasibətlərdə mühüm aktor kimi çıxış edə bilirdi. Əgər NATO zəifləyərsə, Avropa İttifaqının qlobal proseslərə təsir imkanları da azalacaq. Nəticədə isə Qərbin əsas rəqibləri sayılan Çin və Rusiyanın mövqeləri daha da güclənə bilər”.


Elşad Mirbəşiroğlu vurğulayıb ki, hazırkı proseslər sanki Donald Trampın müəyyən məsələlərdə Çin və Rusiyanın maraqlarına uyğun davranması görüntüsü yaradır:


“Çünki Rusiyanı ən çox narahat edən məsələlərdən biri NATO-nun şərqə doğru genişlənməsi idi. Amma bu gün artıq təkcə NATO-nun genişlənməsi deyil, ümumiyyətlə təşkilatın gələcəyi müzakirə olunur. Bu isə Rusiyanın geosiyasi üstünlük qazanmasına səbəb ola bilər. Eyni zamanda Çinin də beynəlxalq arenadakı təsir imkanlarını genişləndirə bilər. Xüsusilə Avropadan şərqə doğru qüvvələr balansının dəyişməsi ehtimalı artır. Onsuz da Avropa uzun müddətdir ki, beynəlxalq sistemdə daha müstəqil mövqe formalaşdırmağa çalışırdı. Lakin buna tam nail ola bilmirdi. Çin və Rusiya isə digər güc mərkəzlərinin təsir imkanlarını məhdudlaşdırmağa çalışıb. Hesab edirəm ki, bundan sonra Avropanın əvvəlki imkanlara sahib olması daha çətin olacaq. ABŞ-nin davranışlarına gəldikdə isə, Trampın mövqeyindən görünür ki, Vaşinqton özünü NATO təhlükəsizlik sistemindən kənarda da kifayət qədər güclü hesab edir və alyansa əvvəlki qədər ehtiyac duymur. Tramp prezidentliyinin ilk dövründən etibarən bildirirdi ki, NATO-nun əsas maliyyə yükünü yalnız ABŞ daşımamalıdır. O, bir çox məsələlərdə olduğu kimi NATO məsələsinə də daha çox biznes və kommersiya yanaşması ilə baxır. Bu siyasətin nəticəsi olaraq isə Avropanın zəifləməsi ehtimalı artır. Avropanın zəifləməsi isə öz növbəsində bir sıra mühüm nəticələr doğura bilər. Məsələn, bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda daha aydın görünə bilər. Həmin istiqamətdə Avropanın təsir imkanları zəifləyə bilər. Bundan başqa, Avropa dünyanın müxtəlif bölgələrində gedən proseslərə əvvəlki kimi təsir göstərə bilməyəcək. Çünki bir çox hallarda NATO xətti ilə həyata keçirilən müdaxilə və təsir imkanları məhz ABŞ-nin dəstəyi hesabına mümkün olub. ABŞ-nin geri çəkilməsi NATO-nun logistik və hərbi imkanlarını da zəiflədə bilər. Bir sözlə, NATO, ABŞ və Avropa arasındakı mövcud münasibətlər kifayət qədər gərgindir və bu vəziyyət həm NATO-nun, həm də ümumilikdə Qərb təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı nikbin danışmağa ciddi əsas vermir”.


Gövhər Mehyəddinova

#ABŞ #Almaniya #çıxarır #qoşun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər