ABŞ səfiri: Fransada yəhudilərə hücumlar var
ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Prezident Emmanuel Makrona məktub yazaraq, ölkədə antisemitizmlə mübarizədə kifayət qədər tədbir görmədiyini bildirib. O, Fransada yəhudilərə qarşı hücumların, sinaqoqlara və bizneslərə vandal aktlarının artdığını qeyd edib. İsrailin Parisdəki səfiri Coşua Zarka da yəhudilərin özlərini təhlükəsiz hiss etmədiyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib, Fransa Prezidenti ABŞ-dən asılı olmayan müstəqil xarici siyasətin tərəfdarıdır:
“Fransa heç vaxt ABŞ-nin Avropa Birliyində dominant səsə malik olmasını istəməyib. O baxımdan, münasibətlərə elə bir ciddi təsir etməyəcək. Çünki bu, ABŞ-nin nə daxili, nə də xarici məsələsinə daxil olur. Bu, Fransanın daxili məsələsidir. Yəhudilərin hüquqlarının müdafiəsi ABŞ-nin səlahiyyətində olan bir məsələ deyil. Əgər yəhudilərin qorunmasından söhbət gedirsə, buyurub bunu ABŞ-nin ərazisində təmin edə bilər ki, bu, belədir. Ancaq bunu başqa bir dövlətdə qorunmaq və bununla bağlı hansısa siyasi təzyiq etmək ABŞ-nin həddini aşmasından başqa bir şey deyil”.
Politoloqun fikrincə, Fransada antisemitizmin artmasında sosial-iqtisadi məsələlər əsas rol oynayır:
“İsrailin Yaxın Şərqdə, xüsusilə Qəzzada, insanları konvensional silahlarla kütləvi məhv etməsi və fələstinliləri aclıqla imtahana çəkməsi, aclıqdan ölənlərin sayının artması ciddi rol oynayır. Çünki heç bir dünya dövləti bu cür faciə ilə razılaşa bilməz. Əlbəttə ki, bu da Fransa toplumunda müəyyən mənada etirazla qarşılanır. Təbii ki, bu insanların Qəzzada törətdiklərinə qarşılıq olaraq Fransada yəhudilərə qarşı hansısa qanuni, qanunsuz aksiyaların keçirilməsinə səbəb olur. Hətta Makron istəsə belə bunun qarşısını ala bilməyəcək. Bir tərəfdə zorakılıq, qətliam və aclıq davam edirsə, digər tərəfdə bunun əks təsiri İsrailin özünə qayıdacaq. Ona görə bunun qarşısını almaq mümkün deyil. Şərt budur ki, İsrailin Qəzzadakı həddini aşan davranışları dayandırılmalı, müharibə bitməli, sərhədlər açılmalı və insanlara dərmanla, qida ilə yardım göstərilməlidir. Eyni zamanda, ABŞ və İsrailin təzyiqi fonunda Fransa geri çəkiləcəyini düşünülmür. ABŞ-nin dəstəyi ilə İsrail bu gün əgər soyqırım törədirsə, bu bütün dünyada yaşayan müsəlmanların hiddətinə səbəb olur. Ancaq biz etiraz aksiyalarında təkcə müsəlmanları görmürük. Onlarla yanaşı dindar yəhudilərin iştirakı ilə keçirilən etiraz aksiyaları da görürük. Ona görə də bu şiddət, bu zorakılıq, bu soyqırım dayanmayınca dünyanın istənilən bir bölgəsində, o cümlədən Fransada da bu cür etirazlar davam edəcək”.
Nərgiz Əzizli