ABŞ Slovakiyada yeni nüvə reaktoru quraşdıracaq
Yeni nüvə reaktoru ölkənin qərbində yerləşən “Yaslovske Bohunice” nüvə obyektində quraşdırılacaq və 1000 meqavatdan çox enerji istehsal etmək qabiliyyətinə malik olacaq.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, SSRİ dövründən və indiki Rusiya Federasiyası zamanından bu günə qədər Slovakiyada fəaliyyət göstərən atom stansiyalarının yanacaq təchizatı Rusiya vasitəsilə təmin edilir:
"Slovakiyanın dövlət başçısı Fico belə bəyanatla çıxış edib ki, yaxın zamanda Slovakiyada Rusiya vasitəsilə yeni atom elektrik stansiyası inşa edilə bilər. Onun gücü təxminən 1100 meqavat olacaq. Layihələndirmə ilə bağlı danışıqlar ABŞ-nin "Westinghouse" şirkəti ilə aparılır. Lakin faktiki olaraq, atom stansiyasının tikintisi Rusiyanın bu sahədə ixtisaslaşmış nəhəng şirkəti olan "Rosatom"a həvalə ediləcək. Ümumilikdə, Slovakiyada ilk atom stansiyası Sovetlər dönəmində tikilib. Daha sonra isə bir stansiyanı Rusiya Federasiyası inşa edib. Hazırda Slovakiyada iki atom elektrik stansiyası fəaliyyət göstərir və bu stansiyalar ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 50 faizini ödəyir. Fico bəyan edib ki, əgər bu layihə reallaşarsa, Slovakiya ərazisində həm Amerika, həm də Rusiya şirkətlərinin əməkdaşlığı mümkün olacaq ki, bu da ölkə üçün strateji baxımdan çox önəmlidir. Qeyd edək ki, SSRİ dövründən və indiki Rusiya Federasiyası zamanından bu günə qədər Slovakiyada fəaliyyət göstərən atom stansiyalarının yanacaq təchizatı Rusiya vasitəsilə təmin edilir. Əlbəttə ki, ABŞ çalışır ki, Slovakiyanın Rusiyadan enerji asılılığı tamamilə aradan qaldırılsın. Bu məqsədlə ABŞ və Slovakiya arasında əməkdaşlığın baş tutması mümkündür. Lakin ABŞ-nin bu əməkdaşlığa yardımı, əsasən, texniki məhdudlaşdırma ilə məhdudlaşacaq. Yəni maliyyə tərəfinin böyük ehtimalla Rusiya vasitəsilə qarşılanacağı gözlənilir. "Rosatom"un bu cür layihələr üzrə bir çox ölkələrlə müqavilələri mövcuddur və hazırda da fəaliyyət göstərir. Bu ölkələrdən biri Türkiyədir. Bundan başqa, "Rosatom" Myanma, Özbəkistan və Qazaxıstanda da atom stansiyası layihələndirməyə çalışır. Qazaxıstandakı layihə isə baş tutmayıb, çünki həmin proyektin həyata keçirilməsi üçün "Rosatom"un maliyyə imkanları yetərli olmayıb. Bu səbəbdən Çin dövləti və Çin şirkətləri layihəyə qoşulub. Razılaşmaya əsasən, Qazaxıstanda reaktor Rusiyaya məxsus olmalı idi, lakin tikinti işləri Çin şirkəti vasitəsilə maliyyələşdirilməli idi".
Səmayə Səftərova