ABŞ SSRİ-dən gizli əməliyyatını ört-basdır edib
1985-ci ildə ABŞ “Titanik”in axtarışı adı altında əslində nüvə sualtı qayıqlarının qalıqlarını tapmaq üçün gizli hərbi əməliyyat həyata keçirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, hazırkı böhran və rəqabət Soyuq Müharibə dövrünü xatırladır:
"Reyqan dövründə Birləşmiş Ştatların prezidenti olarkən “Ulduz Müharibələri” adlı bir proqram var idi. Bu layihə kosmosda – yəni hava məkanında, ulduzlarda – strateji müdafiə sistemi qurmaq məqsədi daşıyırdı. SSRİ də ABŞ-dən geri qalmamaq üçün bu sahədə çoxlu vəsait xərclədi. Amma nəticədə iqtisadi cəhətdən tab gətirə bilmədi və bu rəqabət SSRİ-nin çökməsinə gətirib çıxardı.O vaxt bu layihə ABŞ-nin SSRİ-yə qarşı mühüm əməliyyatı idi. Amma etimad məsələsinə gəldikdə, böyük dövlətlərin güclü kəşfiyyat orqanları var. Onlar bir-birinin imkanlarını yaxşı bilirlər. Yəni gizli heç nə qalmır. Burada etimad daha çox dövlət rəhbərlərinin şəxsi münasibətlərindən asılı olur. Əgər prezidentlərin münasibəti yaxşıdırsa, dövlətlər arasında da əlaqələr istiləşir, əks halda soyuqlaşır. SSRİ ilə ABŞ münasibətləri də belə idi. İndi isə ABŞ ilə Rusiya arasında böhran, qarşıdurma var. Ancaq prezidentlərin bir araya gəlməsi vəziyyəti yumşalda bilir. Məsələn, Tramp Putinə görüş təklif etmişdi və münasibətlərdə bir qədər “buzların əriməsi” hiss olunurdu. Amma Bayden Putinlə görüşmürdü, nəticədə münasibətlər daha da gərgin idi. Əlbəttə, liderlərin şəxsi münasibətləri mühümdür, amma dövlətlərin maraqları da əsasdır. Böyük dövlətlər bu maraqlara görə rəqabəti davam etdirirlər. İndi də oxşar mənzərə var: ABŞ-nin təkcə hərbi büdcəsi Rusiyanın bütün dövlət büdcəsindən çoxdur. Buna baxmayaraq, Rusiya yenə də ABŞ ilə silah rəqabətində geri qalmamağa çalışır.SSRİ dövründə də oxşar vəziyyət vardı. Əfqanıstanda müharibə, iqtisadi çətinliklər SSRİ-ni zəiflətdi və dağılma prosesini sürətləndirdi. İndi də Rusiya Ukraynada müharibə aparır. İstədiyi nəticəni əldə edə bilməyib və bu, onun üçün böyük yükə çevrilib.Yəni hazırkı böhran və rəqabət Soyuq Müharibə dövrünü xatırladır. İndi əsas sual budur: Rusiya bu rəqabətə tab gətirə biləcəkmi? Bunu yaxın gedişat göstərəcək".
Qəmər Kazımzadə