00:00:00
Yazar
Admin User
14.11.2025 18:03 130 2 dəq oxuma
Dünya

ABŞ Suriya hökuməti və kürd nümayəndələrinin görüşünü təşkil edir

ABŞ Suriya hökuməti və kürd nümayəndələrinin görüşünü təşkil edir

Vaşinqton Dəməşqdə Suriya hökuməti, “Suriya Demokratik Qüvvələri” (SDQ) və Kürd Muxtar Administrasiyası nümayəndələrinin iştirakı ilə görüş hazırlayır.

 

Syria TV-nin məlumatına görə, danışıqlarda ABŞ-nin Suriya üzrə nümayəndəsi Tom Barrak və Mərkəzi Komandanlığın rəhbəri Bred Kuper iştirak edəcək. Görüşdə SDQ döyüşçülərinin Suriya ordusuna inteqrasiyası və neft sektorunun idarə olunması kimi məsələlər müzakirə ediləcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki,Suriyanın keçid hökumət başçısı Əl-Şarə ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra Vaşinqtonda yüksək səviyyəli müzakirələr baş tutub:

 

"Bu görüşlərdə əsas mövzu Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri və Kürd Muxtar Administrasiyası arasında mümkün münasibətlər və gələcək siyasi düzən idi. İndiyədək Suriya hakimiyyəti vahid, bölünməz və unitar dövlət mövqeyini qoruyub saxlamışdı. Lakin son hadisələr göstərir ki, bu siyasət istiqamətində dəyişikliklər baş verə bilər. Əgər Suriyada da Kürd muxtariyyəti yaradılarsa, bu, İraqda mövcud olan Kürd muxtariyyətinin analoqu olacaq və ABŞ üçün regionda daha bir strateji mövqe deməkdir.

 

ABŞ indiyə qədər Suriya Demokratik Qüvvələrini hərbi və diplomatik dəstəklə ayaqda saxlayıb. Əgər bu qüvvələrin Suriya ordusuna inteqrasiyası və neftlə zəngin bölgələrin birgə idarə edilməsi razılaşdırılsa, bu, Suriya üçün uğurlu addım sayıla bilər. Amma əgər proses Suriyanın fedarallaşmasına apararsa, bu, ölkənin gələcəyi üçün təhlükəli perspektivdir.Bu tendensiya digər etnik və dini azlıqlar üçün də nümunə ola bilər. Məsələn, İsrailin təsiri altında olan Dürzilər bölgəsində də oxşar proseslər müşahidə edilir. Dürzi silahlı birləşmələrinin formalaşdırılması və hərbi paradların keçirilməsi göstərir ki, bu azlıq da muxtariyyət tələbləri ilə çıxış etməyə hazırlaşır.

 

Belə bir vəziyyətdə Suriyanın vahidliyi və ərazi bütövlüyü sual altına düşə bilər. Əgər federal bir Suriyanın yaranması gündəmə gələrsə, Türkiyənin bu məsələyə reaksiyası və Suriyada yaşayan türkmənlərə münasibəti mühim rol oynayacaq.

 

Suriyada yaşayan türkmənlər və sünni ərəblərin bu proseslərə münasibətinin müəyyənləşdirilməsi, həmçinin gələcək Suriyanın taleyində Türkiyənin təsir imkanlarının qorunub saxlanılması, Ankaranın əsas strateji məqsədlərindən biridir. Xüsusilə Hələb üzərində nəzarət və Aralıq dənizinə çıxış marşrutu başqa sözlə, Suriyanın şimal sərhədi boyunca kürdlərin dənizə çıxışının qarşısının alınması  Türkiyə üçün qırmızı xətt olacağı qənaətindəyəm".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər