ABŞ Ukraynaya 330 milyon dollarlıq hərbi avadanlıq satışını təsdiqləyib
ABŞ Dövlət Departamentinin, Rusiya-Ukrayna müharibəsi davam edərkən Kiyev rəhbərliyinə 330 milyon dollarlıq hərbi avadanlıq və xidmət satışını təsdiqlədiyi bildirilib.
Pentaqona tabe olan Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı yazılı açıqlamada, Dövlət Departamentinin Ukraynaya 330 milyon dollarlıq hərbi avadanlıq və xidmət satışına razılıq verdiyi qeyd olunub. Açıqlamada bildirilir ki, 180 milyon dollarlıq satış çərçivəsində Ukraynanın hazırda malik olduğu ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinin təmiri və yenilənməsi, həmçinin bu sistemlərin istifadəsinə dair personalın təlimi fəaliyyətləri dəstəklənəcək.
150 milyon dollarlıq satışla isə ABŞ istehsalı M109 özüyeriyən haubitsalarının təmiri, bərpası və modernləşdirilməsi həyata keçiriləcək. Satışın Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı özünü müdafiə qabiliyyətini artıracağına işarə olunan açıqlamada, bu barədə Konqresin məlumatlandırıldığı qeyd olunub.
Konqresə göndərilən silah satışına dair təsdiqlərə 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Konqresdən heç bir etiraz gəlməzsə, silah satışı reallaşan sayılır. ABŞ Dövlət Departamentindən dünən edilən açıqlamada da Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və zirehli döyüş texnikaları təmin etmək məqsədilə Kiyev rəhbərliyinə 322 milyon dollarlıq silah satışının təsdiqləndiyi bildirilib.
TRT XƏBƏR
Nuray Əliyeva