00:00:00
Yazar
Admin User
15.09.2025 17:51 102 2 dəq oxuma
Dünya

ABŞ və Çin Madriddə ticarət danışıqlarına başlayıb

ABŞ və Çin Madriddə ticarət danışıqlarına başlayıb

ABŞ və Çin nümayəndə heyətləri Madriddə tariflər və ixrac məhdudiyyətləri ilə bağlı yeni danışıqlar mərhələsinə start veriblər. ABŞ tərəfinə maliyyə naziri Skott Bessent, Çinə isə baş nazirin müavini He Lifeng rəhbərlik edir. Görüşlər sentyabrın 17-dək davam edəcək. Daha əvvəl tərəflər Cenevrə, London və Stokholmda danışıqlar aparmışdılar.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Çin arasında ticarət məsələləri ilə bağlı mübahisəli məqamlar var:

 

“Dəfələrlə bu məsələ ilə bağlı müzakirələr aparıblar. Stokholmda, Londonda, Cenevrədə görüşlər olub, indi də Madrid də görüş keçirilir. Bu görüşlərdə görüşün baş verdiyi yer vasitəçi rolunda çıxış etmir, sadəcə neytral mövqe tutur. Əsas odur ki, Avropa ölkələri həm Çinlə, həm də Amerika ilə tərəfdaşdır. Yəqin ki, ona görə görüşlərin məkanı Avropa ölkələri seçilir. Yəni hər iki tərəfin etimad etdiyi coğrafiyada görüş keçirilir. Doğrusu, Amerika hesab edir ki, Çinlə, eləcə də digər ölkələrlə uzun illər davam edən ticarət əlaqələri ədalətli olmayıb. Belə ki, Amerika bir tərəfli şəkildə güzəştə gedib. İndi isə həmin güzəşti ləğv etmək və ədalətli ticarət şərtləri yaratmaq istəyir. Bu baxımdan bir vaxtlar Amerika ilə Çin arasında əlaqələr gərginləşmişdi. Hətta Amerika Çin mallarına 145% rüsum tətbiq edib, Çin isə Amerika mallarına 125% rüsum tətbiq edib. Növbəti görüşlərdə bu rüsumları bir qədər aşağı salmaq mümkün oldu”.

 

Politoloqun sözlərinə görə, anlaşılan odur ki, iki tərəfi də məmnun edəcək davamlı bir razılaşma axtarılır:

 

“Bu istiqamətdə görüşlər davam edir. Danışıqların nəticəsi qlobal bazarlara təsir edə bilər. Çünki Çin və Amerika arasında ticarət dövriyyəsi həm çox böyükdür, həm də bu razılaşmalar yalnız iqtisadi əlaqələr deyil, siyasi məsələləri də əhatə edir. Ona görə də bu danışıqlardan asılı olaraq dünyanın yenidən formalaşmasına təsir göstərmək mümkündür. Çin və Amerika gec-tez razılaşacaqlar. Yəqin ki, Amerikanı da qane edən şərtlər çərçivəsində razılaşma olacaq. Amma Rusiya–Ukrayna müharibəsi Çin ilə Amerika arasındakı gərginliyi müəyyən formada saxlayır. Bu günlərdə Trampın belə bir açıqlaması olub ki, Avropa ölkələri Çinə qarşı rüsumları 50%-100% artırmağı təklif edirlər. Bu da onu deməyə əsas verir ki, ola bilsin, Amerika və Çin arasında son razılıq baş tutmasın. Gərginlik yarada biləcək məqamlar meydana çıxa bilər. Amma bütün hallarda onların arasında əldə olunacaq razılaşma qlobal ticarətə təsir edə bilər. Trampın standartı olmayan addımları isə bəzən elə bir təəssürat yaradır ki, bu zəncirin hər an qırılması riski var”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər