00:00:00
Yazar
Admin User
01.09.2025 08:20 109 4 dəq oxuma
Siyasət

ABŞ və Çinlə paralel əməkdaşlıq modeli

ABŞ və Çinlə paralel əməkdaşlıq modeli

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində balans prinsipi mühüm yer tutur. Ölkə həm Qərblə, həm də Asiya dövlətləri ilə əməkdaşlıq edərək regional və qlobal sabitliyə töhfə verir. ABŞ və Çinlə paralel əməkdaşlıq Azərbaycanın iqtisadi, enerji və təhlükəsizlik maraqlarını uzlaşdırmaqla yanaşı, çoxqütblü dünyada milli maraqların qorunmasına xidmət edir.


Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Çin dünyanın iki aparıcı qlobal gücüdür:


“Bu baxımdan hər iki dövlətlə strateji tərəfdaşlıq kontekstində əməkdaşlıq qurmaq Azərbaycan dövləti üçün mühüm uğurdur. Bu, istər təhlükəsizlik, istər texnoloji inkişaf, istər ticarət, istərsə də geosiyasi əhəmiyyət baxımından son dərəcə vacib amildir.


Unutmayaq ki, ABŞ-nin rəhbərlik etdiyi Qərb dünyası ilə Asiya – yəni qlobal Cənub – arasında Azərbaycan artıq bir körpü rolunu oynayır. Münaqişələrin artdığı, ticarət yollarının ciddi təhlükə ilə üzləşdiyi indiki məqamda Azərbaycan yeni ticarət dəhlizi təklif edir. Bu, yalnız bəyanat səviyyəsində deyil – ölkə bunun üçün tələb olunan bütün infrastruktur layihələrini gerçəkləşdirib, inkişaf etdirib. Nəticədə Azərbaycanın həm geoiqtisadi, həm də geosiyasi əhəmiyyəti daha da artır. Bunu Azərbaycan Prezidentinin Çinə son səfərində keçirilən qarşılanma mərasimində də gördük. Müqayisə üçün Rusiyanın özünü qlobal güc kimi təqdim edən Prezidenti Vladimir Putinin qarşılanmasına baxmaq kifayətdir. Çin hava limanında Azərbaycan Prezidentinə göstərilən münasibət artıq açıq şəkildə ölkəmizə verilən dəyəri göstərir. Bu, Azərbaycan dövlətinin uğurudur və eyni zamanda ölkənin təhlükəsizliyinə ciddi töhfədir”.


Natiq Miri qeyd edib ki, Vaşinqtonda 8 avqustdan sonra keçirilən görüş və imzalanan sənədlər fonunda Prezidentin Çinə səfəri, Çin dövlət başçısı Si Tsinpinin Azərbaycanla bağlı açıqlamaları da diqqətəlayiqdir:


“Çin Azərbaycanın suveren siyasətini dəstəklədiyini açıq bəyan edib. Bu, yalnız ABŞ-lə münasibətlər deyil – böyük mənzərədə həm Rusiya, həm də digər dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan müstəqil siyasətimizin doğruluğunu və qlobal güclər tərəfindən dəstəkləndiyini göstərir”.


Natiq Miri açıqlamasında vurğulayıb ki, müstəqil siyasət anlayışı xüsusilə qlobal güc olan Çin tərəfindən təqdir olunursa, bu, Azərbaycanın siyasi xəttinin nə qədər düzgün və strateji baxımdan qiymətli olduğunu sübut edir:


“İki qlobal güclə bu səviyyədə əməkdaşlıq, həm təhlükəsizliyimizə təminat verir, həm də iqtisadi və texnoloji inkişafımıza ciddi töhfə olur.
Bu uğurların təməlində enerji diplomatiyasının xüsusi rolu var. 1994-cü ildən etibarən “Əsrin müqaviləsi”nin imzalanması böyük geosiyasi risklər vəd etsə də, mərhum Prezident Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və beynəlxalq dəstəyi sayəsində həyata keçirilib. Enerji siyasəti Azərbaycanı Qərb dünyası, o cümlədən ABŞ-lə yaxınlaşdırıb, çünki ölkəmiz Qərbin enerji təhlükəsizliyində birbaşa iştirak etməyə başlayıb.


Xüsusilə 2022-ci ildən sonra başlayan Rusiya–Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində Avropa Birliyi ölkələrinin enerji təminatında yaranan problemlər fonunda Azərbaycanın rolu daha da artıb. Azərbaycan Qərbin enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edib. Bu, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi və Azərbaycanın münasibətlər sistemində etibarlı, verdiyi sözü yerinə yetirən dövlət kimi tanınmasına səbəb olub”.

 

Siyasi şərhçi Natiq Miri açıqlamasına əlavə edib ki, balans siyasətinə gəldikdə isə, artıq Azərbaycan həm beynəlxalq nüfuz qazanmış, həm də uzun illər ərzində öz ərazi bütövlüyünü təmin edərək regionda hesablaşmalı bir dövlətə çevrilmişdir:


“Bəli, bu yola çıxmaq riskli olub. Uzun illər ərzində məqsəd həm riskləri aradan qaldırmaq, həm də Azərbaycanın regional güc mərkəzlərindən birinə çevrilməsinə nail olmaq olub.Qarabağ kimi süni yaraların yaradılması isə region dövlətlərinə təzyiq mexanizmi kimi nəzərdə tutulmuşdu ki, onlar müstəqil siyasət yürütməsin, daim böyük güclərlə hesablaşsınlar. Azərbaycan bu çərçivəni aşaraq, tam müstəqil siyasət yürüdə bilib. Bu, hər dövlətin bacara biləcəyi məsələ deyil. Ermənistan da bu yolla getmək istəyir, lakin bunu yalnız qlobal güclərin və dolayısı ilə Azərbaycanın dəstəyinə arxalanaraq edə bilər. Burada risklər mövcuddur, çünki Cənubi Qafqazda Azərbaycandan sonra ikinci bir dövlətin müstəqillik xəttini gücləndirməsi Rusiya kimi gücləri narahat edir.


Hazırda Azərbaycanla Rusiya arasında yaranan gərginliyin səbəblərindən biri də məhz budur. Rusiya Azərbaycanın bərabər hüquqlu münasibətlər təklifini qəbul etmək istəmir.Ona görə Azərbaycanın mülki təyyarəsi vurulduqdan sonra etiraflar, üzr istəmələr həyata keçirilməyib. Azərbaycanın müstəqil güc mərkəzinə çevrilməsi və Cənubi Qafqazda artıq stabillik amili olması da Rusiyanı narahat edir”.


Natiq Miri son olaraq açıqlamasında qeyd edib ki, bütün bunlara baxmayaraq, riskləri gözə alaraq irəli getmək vacibdir ki, dünyanın yenidən formalaşdığı bir zamanda öz layiqli yerini tuta biləsən:


“Bu, həm riskli, həm də gələcək üçün son dərəcə faydalı bir prosesdir. Bu uğurlar üçün böyük bədəllər ödənilib və Azərbaycan bu bədəlləri son onilliklər ərzində ödəyərək bu səviyyəyə yüksəlib”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər