00:00:00
Yazar
Güllər Gülhüseynova
21.08.2026 20:41 45 3 dəq oxuma
İqtisadiyyat

ABŞ və Kanada ticarət sazişi üzrə razılığa gəlib

ABŞ və Kanada ticarət sazişi üzrə razılığa gəlib

ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanadanın yeni ticarət sazişi üzrə razılığa gəldiyini açıqlayıb.

 

Bu barədə Tramp jurnalistlərlə söhbətində bildirib.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,bu razılaşma ABŞ-Kanada münasibətlərində son aylarda davam edən ticarət gərginliyinin kəskin şəkildə azalmasına imkan verə bilər:

 

“Bunu tam və uzunmüddətli həll kimi qiymətləndirmək tezdir. Donald Tramp razılaşmanın əldə edildiyini açıqlasa da, Kanadanın baş ticarət danışıqlarçısı avqustun 20-də tərəflərin hələ yekun sənədlər üzərində işlədiyini və razılaşmaya “çox yaxın” olduqlarını bildirib. Yəni siyasi razılaşma ilə onun hüquqi və praktiki olaraq rəsmiləşdirilməsi arasında müəyyən fərq qalır.  Əsas məsələ tariflərdir. ABŞ Kanada mallarına 50 faizlik yeni tarif tətbiq etməklə hədələyirdi və bu tədbir təxminən 20 milyard dollar həcmində Kanada məhsullarını əhatə edirdi. Trampın açıqlamasından sonra bu tariflərin qüvvəyə minməsi üç gün təxirə salınıb. Buna görə yeni razılaşmanın ən mühüm nəticələrindən biri Kanada mallarına tətbiq ediləcək tariflərin aşağı salınması və ticarət dövriyyəsində daha sabit rejimin yaradılması ola bilər. Müzakirə olunan variantlarda Kanada avtomobillərinə tətbiq edilən 25 faizlik tarifin 15 faizə endirilməsi, polad və alüminiuma tətbiq edilən 50 faizlik tariflərin isə 25 faizə salınması nəzərdən keçirilir. Bu, xüsusilə avtomobil sənayesi və metallurgiya üçün ciddi güzəşt olardı. Lakin tərəflər Kanada məhsullarında yerli və ABŞ mənşəli komponentlərin hansı nisbətdə hesablanacağı kimi məsələlərdə hələ tam razılığa gəlməyiblər”.

 

Akif Nəsirli həmçinin bunu da qeyd edib ki, ABŞ üçün əsas qazanc Kanada bazarında amerikalı fermer və istehsalçılara daha geniş çıxış əldə etməkdir:

 

"Tramp xüsusilə ABŞ kənd təsərrüfatı məhsullarına Kanadanın tətbiq etdiyi tariflərin sıfırlanacağını bildirib. Süd məhsulları, avtomobillər və digər kənd təsərrüfatı məhsullarının Kanada bazarına çıxışı bu baxımdan əsas müzakirə mövzularındandır. Digər mühüm məsələ ABŞ spirtli içkilərinin Kanada bazarına qaytarılmasıdır. Kanada əvvəlki ABŞ tariflərinə cavab olaraq bir sıra əyalətlərdə Amerika şərab və spirtli içkilərinin satışını məhdudlaşdırmışdı. Kanada hökuməti bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində əyalətlərə çağırış edib və məsələ yeni razılaşmanın vacib elementlərindən birinə çevrilib.  Bundan başqa, süd məhsulları üzrə Kanada bazarının qorunması, avtomobil ticarəti, polad və alüminium, taxta məhsulları və ümumilikdə iki ölkə arasında qarşılıqlı tariflərin azaldılması məsələləri razılaşmanın əsas hissəsini təşkil edə bilər. Tərəflərin daha sonra Şimali Amerika ticarət sisteminin əsas sənədi olan ABŞ-Meksika-Kanada Sazişinin, yəni USMCA-nın gələcək taleyi üzrə daha geniş danışıqlara keçməsi də mümkündür. Beləliklə, bu razılaşma ABŞ-Kanada münasibətlərində “ticarət müharibəsi” mərhələsindən daha konstruktiv münasibətlərə keçid yarada bilər. Ancaq əsas problem ondan ibarətdir ki, Tramp administrasiyası tarifləri danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir. Ona görə də indiki razılaşma gərginliyi azaltsa belə, gələcəkdə yeni tarif və ya əlavə güzəşt tələblərinin ortaya çıxmayacağına zəmanət vermir. Hazırkı mərhələdə ən real nəticə tariflərin aşağı salınması, qarşılıqlı bazar çıxışının genişləndirilməsi və iki ölkənin ticarət münasibətlərində müəyyən sabitliyin bərpa olunmasıdır”.

 

Güllər Gülhüseynova

#gündəm #razılığa #baki #sazişi #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər