ABŞ və Rusiya arasında enerji danışıqları üzə çıxıb
ABŞ və Rusiya arasında Ukrayna müharibəsinə dair aparılan sülh müzakirələrinin pərdəarxasında enerji layihələrinin də gündəmə gətirildiyi məlum olub. Vaşinqtonun Moskva ilə sanksiyaların yumşaldılması qarşılığında neft və qaz sahəsində əməkdaşlıq təklif etdiyi iddia edilib. Bu məsələ Avropa İttifaqında kəskin narazılıq doğurub.
Məlumata görə, avqustda keçirilən qapalı görüşlərdə ABŞ-nin enerji şirkəti Exxon Mobil-in Rusiyanın Saxalin adasındakı “Sakhalin-1” layihəsinə qayıtması müzakirə olunub. Həmçinin Rusiyanın “Arctic LNG 2” layihəsi üçün Amerika texnologiyasına çıxış imkanlarının nəzərdən keçirildiyi, hətta rus istehsalı nüvə buzqıranlarını ABŞ-nin almasının da müzakirə edildiyi bildirilib.
Məsələ ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə də qaldırılıb. Diplomatik mənbələr Trampın bir tərəfdən Moskvaya yeni sanksiyalarla hədələyib, digər tərəfdən enerji əməkdaşlığını müzakirə etməsinin Avropa liderlərini qəzəbləndirdiyini açıqlayıb.
Avropa İttifaqı Rusiyayla enerji əməkdaşlığının sanksiya siyasətini poza biləcəyini vurğulayıb və Vaşinqtonun bu addımlarına qarşı çıxıb. Qeyd olunub ki, Aİ 2027-ci ilə qədər Rusiyadan qaz idxalını tamamilə dayandırmağı planlaşdırıb.
Xəbər Qlobal
Sura Əliyeva