ABŞ–Venesuela qarşıdurması: Trampın bəyanatı regionu alovlandıra bilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Venesuela Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri ABŞ qüvvələrinə hər hansı təhdid yaratsa, dərhal vurulacaq. Tramp vurğulayıb ki, amerikalı hərbçilər təhlükə hiss etdikləri anda müvafiq addımlar atmaqda sərbəstdirlər.
Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın bu sərt bəyanatı ABŞ–Venesuela münasibətlərindəki onsuz da gərgin atmosferi daha da kəskinləşdirə bilər:
"Vaşinqton uzun müddətdir Karakas hökumətinə qarşı sanksiyalar tətbiq edir və Maduro rejiminin leqitimliyini sual altına alır. Bu açıqlama hərbi ritorikanı gücləndirərək diplomatik kanalların daralmasına, tərəflər arasında qarşılıqlı etimadsızlığın daha da artmasına gətirib çıxara bilər. ABŞ-ın bu mövqeyi həm də regionda Venesuela ətrafında yeni bloklaşmaların yaranmasına səbəb ola bilər".
Politoloq həmçinin qeyd edib ki, Venesuelanın mövqeyi Karakasın cavabı ehtimal ki, milli suverenlik və müdafiə haqqı mövqeyindən veriləcək:
"Maduro hakimiyyəti bu bəyanatı “aqressiv təhdid” kimi qiymətləndirə və öz ordusunu “xarici müdaxiləyə qarşı” səfərbər olmağa çağıracaq. Venesuela, həmçinin, bu məsələni regional təşkilatlar – ALBA, MERCOSUR və BMT səviyyəsinə çıxarmağa çalışaraq beynəlxalq dəstək toplamağa yönələ bilər.
Bu gərginlik ilk növbədə Cənubi Amerikada təhlükəsizlik mühitini zəiflədə bilər.
ABŞ hərbi qüvvələrinin Karib hövzəsində mövcudluğunun artması, Venesuelanın isə öz hərbi aviasiyasını daha aktiv istifadə etməsi hərbi insidentlərin riskini yüksəldir. Enerji bazarlarına gəlincə, Venesuela dünyada ən böyük neft ehtiyatlarına sahibdir. Regionda istənilən hərbi-siyasi qarşıdurma neftin hasilat və ixrac imkanlarını daha da məhdudlaşdıraraq qlobal enerji bazarında qiymətlərin artımına səbəb ola bilər. Bu, xüsusilə ABŞ-nin Latın Amerikasındakı enerji strategiyasını və Avropanın enerji təhlükəsizliyini birbaşa təsirləndirə bilər. Yekun olaraq, Trampın bəyanatı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional sabitliyə və qlobal enerji balansına ciddi təsir göstərə biləcək bir mesajdır".
Billurə Quliyeva