ABŞ Venesuelaya müdaxilə etsə…
"Röyters" məlumat yayıb ki, Braziliya Prezidenti Luis İnasiu Lula de Silva ABŞ-nin Venesuelaya mümkün silahlı müdaxiləsinin humanitar fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Lula de Silva bildirib ki, Cənubi Amerika qitəsi yenidən regiondankənar bir dövlətin hərbi mövcudluğunu hiss edir. Onun sözlərinə görə, ABŞ-nin Venesuelaya müdaxiləsi yalnız bu ölkə üçün deyil, bütün yarımkürə üçün ciddi humanitar problemə çevrilə və dünya miqyasında təhlükəli ola bilər.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə ehtimalı minimum səviyyədədir:
“ABŞ-Venesuela arsında hərbi qarşıdurmanı istisna edirəm. Çünki hazırda ABŞ-nin əsas rəqibi Çindir və o bütün mübarizə planlarını onun üzərində qurur. Eyni zamanda ABŞ-nin münaqişə coğrafiyasını regiona çəkməsi ağlabatan görünmür. Ona görə ki, Venesuelaya qarşı hərbi müdaxilə ABŞ-nin özü üçün də riskləri artırar. Braziliya prezidentinin xəbərdarlığında böyük həqiqət payı var. Cənubi Amerikada münaqişə və müharibənin baş qaldırması yalnız Çin, Rusiya və İran üçün sərfəli ola bilər. Habelə humanitar risklər yarana bilər ki, təkcə regionda deyil, bütün dünyada iqtisadi, ticari münasibətlərə zərbə dəyməklə xaoitik durma yaranar. Hərbi münaqişənin alovlanması müharibənin ABŞ-nin öz torpaqlarına keçə biləcəyini də istisna etmir. Odur ki, ABŞ-nin hələlik təhdid dili ilə planlarına nail olmaq cəhdləri nəzərə çarpır. Ümumiyyətlə, hərbi müdaxilənin baş verməyəcəyi qənaətindəyəm və müharibə ehtimalının munimum olduğu fikrindəyəm. ABŞ-nin əsasən dərin hədəflərində Çin, yaxın hədəfində isə İran var. Belə bir zəmində elə də mühüm əsas olmadan ikinci, yaxud üçüncü cəbhə açacağı ağlabatan deyil”.
Lalə Qurbanlı
