ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşüb.
"İnformator.az" "Teleqraf"a istinadənxəbər verir ki, ADY-dən verilən məlumata görə, görüş zamanı qonaqlara ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm nailiyyətlərdir.
Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.