Aİ–Ermənistan təmasları və Cənubi Qafqazda prioritetlər
Aİ ölkələrinin XİN rəhbərlərinin Brüsseldəki görüşü ərəfəsində Ermənistan XİN başçısı Ararat Mirzoyanla qeyri-rəsmi səhər yeməyi keçiriləcək. Aİ rəsmiləri Azərbaycanla da münasibətlərin yaxşı olduğunu və Cənubi Qafqazda sülhün prioritet sayıldığını bildiriblər.
Bununla belə, Ermənistanla Strateji Tərəfdaşlıq Gündəliyinin hələ açıqlanmaması və Mirzoyanın yenidən Brüsselə səfəri suallar doğurur. Mənbələrə görə, sənəd Vaşinqton razılaşmalarından əvvəl hazırlanıb və mövcud geosiyasi reallıqları tam əks etdirmir. Aİ-nin ləng bürokratik mexanizmi proseslərdən geri qalmasına səbəb olub.
Mövzu ilə bağlı siyasi şərhçi Araz xan “İnformator.az”a açıqlamasında bildirib ki, Çin–Avropa ticarəti Azərbaycanın iştirakı olmadan mümkün deyil:
“Avropa İttifaqı ümumiyyətlə Cənubi Qafqaz siyasətində ciddi nöqsanlara yol verib. Regionda vəziyyəti düzgün qiymətləndirə bilməyiblər. Xüsusilə Fransanın anti-Azərbaycan siyasəti və demək olar ki, bütün məsələlərdə birtərəfli qaydada Ermənistanın tərəfini tutması münasibətləri daha da gərginləşdirib. Buna baxmayaraq Azərbaycan səbrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edib. Azərbaycanın etibarlı tərəfdaş kimi öhtəliyini yerinə yetirməsi Avropa liderlərini münasibətləri yenidən gözdən keçirməyə vadar edib. Amma hələ də Brüsseldə Bakıya münasibət birmənalı deyil. Bəzi qüvvələr Azərbaycanla əməkdaşlıqda maraqlı olsa da, bəziləri, hələ də əvvəlki kimi qərəzli mövqedə qalır. Amma nəzərə almaq lazımdır ki, Orta Dəhlizin önəminin artığı bir vaxtda Avropa İttifaqı da Azərbaycanın dəyərini anlayacaq. Çünki Çin-Avropa ticarəti Azərbaycanın iştirakı olmadan mümkün deyil”.
Aydan Əsgərxanlı
