00:00:00
Yazar
Admin User
31.10.2025 17:06 358 3 dəq oxuma
Dünya

Aİ Gürcüstan hökumətinə sanksiyalara görə təşəkkür edib

Aİ Gürcüstan hökumətinə sanksiyalara görə təşəkkür edib

Avropa İttifaqı Gürcüstan hökumətinə Rusiyaya qarşı sanksiyalardan yayınmadığı üçün təşəkkür məktubu göndərib. Məktubda Gürcüstanın öhdəliklərinə sadiq qalması və regionda ixrac məhdudiyyətlərinin pozulmasının qarşısını almaqda göstərdiyi səylər yüksək qiymətləndirilib.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, ümumiyyətlə, Gürcüstanın bu vəziyyətə düşməsində, bu bölgədə iqtisadi durumun ağırlaşmasında, ölkəni bürüyən siyasi böhranlarda, sabitliyin bərpa olunmamasında əsas günahkarlardan və səbəbkarlardan biri də Avropa İttifaqıdır:

 

“Avropa bir zamanlar Saakaşvilini qızışdırıb, onu müharibəyə sövq etdi və nəticədə Rusiya az qala Tbilisiyə daxil olubdur. Saakaşvilinin siyasi karyerasına bu hadisə ilə faktiki olaraq nöqtə qoyulub. Avropa İttifaqı Ukrayna ilə də eyni şəkildə davranıb. İndi o gözəl ölkə görün nə vəziyyətdədir — qonşularla siyasi və iqtisadi münasibətlər sıfıra enib, ölkə dağılıb, qohum xalqlar bir-birini öldürməklə məşğuldur. Cənubi Qafqazda Gürcüstanın bu vəziyyətə düşməsi əlbəttə ki, məni çox narahat edir. Gürcüstan bizim qonşumuzdur, orada bizim soydaşlarımız yaşayır. Onsuz da gürcülərin Avropaya gedib-gəlməsi üçün müəyyən asan viza rejimi, ucuz hava yollarından istifadə imkanı var. Gürcüstan üçün bu, keçərlidir, çünki bunu uzun zamandır Avropa tətbiq edir. Amma bütün bunlara baxmayaraq, Avropa Gürcüstana nə sərmayə, nə də qalıcı investisiya qoyub. Sadəcə, orada qarışıq siyasi bir mühit yaradıb. Avropanın kosmopolit düşüncə quruluşuna malik bütün qurumları sanki Gürcüstanı öz təsir dairəsinə salıblar.”

 

Politoloqun sözlərinə görə, Avropanın Gürcüstanda müxtəlif büroları və şöbələri fəaliyyət göstərir:

 

“İstədikləri vaxt bu bölgədə hansısa fitnə-fəsadı törətmək lazım olanda həmin o bürolar və şöbələr vasitəsilə bunu həyata keçirirlər. Ona görə də Rusiya ilə münasibətləri düzəltmək lazımdır. Düzdür, Rusiya da bu müstəmləkəçi siyasətindən əl çəkməlidir. Rusiya hələ də həzm edə bilmir ki, Qafqazda bir vaxtlar onun işğalı altında olan və indi müstəqilliyini əldə etmiş üç xalq, üç dövlət — Ermənistan, Gürcüstan və Azərbaycan mövcuddur. Rusiya uzun illər Ermənistandan maşa kimi istifadə etdi, Azərbaycanın torpaqlarını işğal altında saxlayıb, amma sonda Azərbaycan bütün bu məsələləri həll edib. Əgər Avropanın mövqeyi həqiqətən ədalətli olsaydı, Azərbaycan Qarabağı işğaldan azad edəndə, öz konstitusion hüquqlarını və beynəlxalq normalara uyğun olaraq BMT qərarlarına əsaslanan addımlarını atanda Avropada bu qədər etiraz dalğası yaranıb. Ancaq Avropa da, digər dövlətlər kimi, bu bölgədə öz maraqlarını təmin etməyə çalışır. Cənubi Qafqazda bu gün ən müstəqil siyasət yürüdən ölkə Azərbaycandır. Azərbaycan dövlət müstəqilliyini bərpa edib, ərazi bütövlüyünü təmin edib, güclü liderə, güclü orduya malik, təhlükəsizliyini təmin edə bilən bir dövlətdir. Azərbaycan qonşularla normal münasibətlər quran, balanslı siyasət aparan bir ölkədir. Bu gün hətta Avropanın özündə də Azərbaycanın apardığı siyasətə hörmətlə yanaşan, onun həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyətini anlayan dövlətlər var.Yəni bir məktubla Gürcüstana təşəkkür etmək, onu Rusiyaya qarşı sanksiyaları həyata keçirməyə təşviq etmək əslində Gürcüstana zərər verəcək. Gürcüstan nə siyasi, nə iqtisadi potensial baxımından Azərbaycanla müqayisə oluna bilməz. Azərbaycan qonşuluq siyasətində bu qədər dözümlülük və səbr nümayiş etdirib. Xüsusilə də Rusiyanın təyyarəmizi vurmasından sonra Azərbaycan hökumətinin, cənab Prezidentin göstərdiyi dözümlülük və dövlət ağlı ciddi nəticə verib. Mən Gürcüstanda bu cür uzaqgörən siyasət görmədiyim üçün düşünürəm ki, Gürcüstan bu məsələlərdə heç kimin fitvasına uymamalıdır. Əks halda bu, Gürcüstana çox ciddi zərər verə bilər. Amma əlbəttə, Gürcüstan bizim qonşumuzdur və mən çox istərdim ki, orada siyasi sabitlik bərqərar olsun”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər