Aİ Şurası Azərbaycan–Ermənistan razılaşmalarına dəstəyə hazırdır
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Bu məsələ ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki,son dövrlərdə bu istiqamətdə verilən açıq dəstək bəyanatlarını da müşahidə edirik:
"Avropa İttifaqının və digər institusional qurumların Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə, əldə olunan razılaşmaların icrasına dəstək ifadə etməsi müsbət haldır. Son dövrlərdə bu istiqamətdə verilən açıq dəstək bəyanatlarını da müşahidə edirik.Bundan sonrakı mərhələdə Avropa İttifaqı proseslərə müxtəlif formalarda təsir göstərə və dəstək verə bilər. Xüsusilə, Ermənistanın götürdüyü öhdəliklərin icrasından yayınmaması üçün mövcud təsir mexanizmlərindən istifadə etmək imkanına malikdir.
Razılaşdırılan sülh mətninin 17-ci bəndinə əsasən, mövcud şərti sərhəd daha sonra sülh müqaviləsi imzalandıqdan sonra rəsmi status qazanacaq və burada üçüncü, dördüncü tərəflərin mövcudluğuna son qoyulması nəzərdə tutulur. Bu, xüsusən də Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinin dayandırılması, mandatının ləğvi və Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına mane ola biləcək qeyri-konstruktiv addımların təşviq edilməməsi deməkdir.
Bu istiqamətdə atılacaq addımların həm Avropa İttifaqı, həm də qlobal sistemin digər aktorları tərəfindən dəstəklənməsi, regionda sülh və sabitliyin təmin olunmasına ciddi müsbət təsir göstərə bilər".
Xədicə Məhərrəmli