Aİ Ukraynada nizamlanma üçün Rusiyaya istənilən təzyiqi alqışlayır
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar masasına qayıtmasına yönəlmiş istənilən təzyiqi alqışlayır.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə nümayəndəsi Anita Hipper bəyan edib.
O vurğulayıb ki, heç kim Ukrayna və Aİ-dən daha çox sülh istəmir.
"Aydındır ki, Rusiya sülhə nail olmaqda maraqlı deyil - bunu onun sözləri deyil, əməlləri təsdiqləyir. Biz Rusiyanın danışıqlar masasında olmasına yönəlmiş istənilən təzyiqi, davamlı atəşkəsə nail olunması istiqamətində istənilən işi alqışlayırıq", - Hipper bildirib. Bəyanat avqustun 6-da Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında aparılmış danışıqlardan sonra səslənib. Avropa liderləri bu görüşlərə dəvət olunmayıblar.
Aİ-nin rəsmi nümayəndəsi Arianna Podesta bu danışıqları şərh edərkən qeyd edib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu barədə ətraflı məlumatlandırılıb və həmişəki kimi liderlərlə əlaqə saxlayıb.