AK müdafiə qabiliyyətini artırmaq üzrə 150 milyard avroluq proqramı təsdiqləyib
Bu gün Avropa Komissiyası (AK) "Avropa üçün Təhlükəsizlik Fəaliyyəti" (SAFE) proqramı çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə hazırlığını gücləndirmək üçün 150 milyard avro məbləğində ilkin maliyyə yardımının ayrılmasını təsdiqləyib.
"İnformator" "Report"a istinadən xəbər verir ki, bu barədə AK kollegiyasının yekunları üzrə Strasburqda keçirilən mətbuat konfransında icraçı vitse-prezident Henna Virkkunen və komissar Andrius Kubilyus bildiriblər.
Proqram çərçivəsində kreditlər Aİ-yə üzv dövlətlərə veriləcək və müdafiə imkanlarında kritik boşluqların aradan qaldırılmasına, habelə birgə hərbi texnika alınmasına yönəldiləcək.
Bildirilib ki, 2025-ci ilin mayında Aİ Şurası tərəfindən SAFE proqramının qəbulundan sonra bu, kifayət qədər maraq doğurub. 19 Aİ ölkəsi iştirak etmək niyyətini bildirib və mövcud büdcədən artıq dəstək istəyib.
Qeyd edək ki, SAFE proqramı üzv dövlətlərə lazımi avadanlıqları tez bir zamanda əldə etməyə kömək etmək üçün uzunmüddətli, aşağı faizli kreditlər təmin edir. Proqram həmçinin Aİ-yə Ukraynanın müdafiə sənayesini əvvəldən proqrama daxil etməklə ona dəstəyi davam etdirməyə imkan verəcək. Proqram kreditlərin ödənilməsi üçün 10 illik güzəşt müddətini, rəqabətədavamlı faiz dərəcələrini və iştirakçılar dairəsini genişləndirmək üçün üçüncü ölkələrlə ikitərəfli razılaşmaların mümkünlüyünü nəzərdə tutur.