Aleksandr Frediani: İqlim böhranı ilə mübarizə mənzil sistemində islahatların aparılmasını tələb edir
İqlim siyasəti sahəsində danışıqlar prosesi son dərəcə qeyri-bərabər olaraq qalır, bir çox qərarların "istisna hallar" kimi qəbul edilməsi isə mövcud beynəlxalq və insan hüquqları normalarının sadəcə nəzərə alınmamasına gətirib çıxarır. Bunu International Institute for Environment and Development (IIED) təşkilatının yaşayış məntəqələri ilə bağlı məsələlər üzrə aparıcı tədqiqatçısı Aleksandr Frediani WUF13 çərçivəsində keçirilən tədbirdə bəyan edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında memar Dilqəm İsmayılov bildirib ki, iqlim böhranı artıq mənzil məsələsini yalnız yaşayış yox, təhlükəsizlik məsələsinə çevirib:
“İstilik dalğaları, sel və ekstremal hava hadisələri xüsusilə köhnə və plansız tikililəri daha həssas edir(Bakı nümunəsində bu pik həddədir). Bununla yanaşı, enerji xərcləri artır və şəhərlərdə sosial bərabərsizlik daha da dərinləşir.
Şəhərlər gələcəkdə daha dayanıqlı olmaq üçün yaşıl infrastruktur, enerji-effektiv binalar və güclü ictimai nəqliyyat sistemlərinə keçməlidir. Paralel olaraq “urban planning” qısamüddətli deyil, onillikləri düşünən yanaşma ilə qurulmalıdır. Əsas məsələ şəhərin həm insan, həm də iqlim üçün işləməsidir. İnkişafetməkdə olan ölkələr üçün isə, ən böyük çətinlik balans yaratmaqdır. Bir tərəfdən sürətli urbanizasiya və mənzil tələbi var, digər tərəfdən isə məhdud maliyyə və köhnə infrastruktur. Bu ölkələr çox vaxt həm sosial problemləri, həm də iqlim risklərini eyni anda idarə etməyə çalışırlar. Bizim nümunəmizdə isə, əsas problemin həllini, şəhərlərin idarəetməsinin xaotik və işlək olmamasıdır”.
Səadət Əlizadə