Allahşükür Paşazadə Qırğızıstan Respublikasında səfərdə olub
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bişkek şəhərində keçirililən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-da Qırğızıstan Respublikasında səfərdə olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Bildirilib ki, Qırğızıstan Respublikası Prezidenti Zati-aliləri Sadır Japarov 11 sentyabrda QMİ sədri A.Paşazadəni qəbul edib. Səmimi şəraitdə keçən görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Şeyxülislam A. Paşazadə bildirib ki, Qırğız Respublikası ilə bizi qırılmaz tellər və müştərək dəyərlər bağlayır. Qardaş dövlətlərimizin müdrik siyasi liderləri - Zati-aliləri cənab İlham Əliyev və Zati-aliləri cənab Sadır Japarov arasındakı dostluq və qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir və inkişaf edir. QMİ sədri A. Paşazadə xüsusi vurğulayıb ki, Qırğız Respublikası Prezidentinin Azərbaycana hər bir səfərində ölkəmizə və xalqımıza olan diqqət və ehtiramının şahidi oluruq. Qardaş ölkə liderinin Xankəndi Zirvəsində iştirakı qəlbimizi qürurlandıran hadisələrdəndir. Bildirmişdir ki, Qırğızıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adına Parkın özəl mənəvi dəyəri vardır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra azad Qarabağa səfər edən Sadır Japarov cənablarının təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilmiş Aykol Manas adına Xıdırlı orta məktəbinin açılışında Zati-aliləri İlham Əliyevlə birgə iştirakı Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.