Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını artıracaq
Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, yeni kansler Merzin rəhbərliyi dövründə Almaniyanın Ukraynaya yardımı daha da intensivləşib:
"Almaniya Ukraynaya yardım edən əsas donor dövlətlərdən biridir. Yəni Avropa İttifaqından kənarda Almaniya birbaşa olaraq Ukraynaya yardım edir. Məsələn, ötən dövrlərdə Almaniya Ukraynaya 8,5 milyard avro həcmində maliyyə yardımı göstərilib. Avropa İttifaqından əlavə, Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “Ukraynaya Yardım Alyansı” adlı təşkilat da mövcuddur və Almaniya həmin təşkilatın üzvüdür. Yeni kansler Merzin rəhbərliyi dövründə Almaniyanın Ukraynaya yardımı daha da intensivləşib. Yaxın günlərdə Almaniyanın Xarici İşlər Naziri Kanadaya səfəri zamanı bəyan edib ki, qış ayları üçün Ukraynaya 40 milyon avro yardım ediləcək. Hazırda isə Almaniyanın maliyyə naziri, vitse-kansler Lars Klinqbeyl əlavə olaraq Ukraynaya 3,5 milyard avro maliyyə yardımı göstəriləcəyini açıqlayıb. Bu vəsaitin əsas məqsədi Ukraynanın müdafiə və sabitliyini möhkəmləndirməkdir. Ümumilikdə, Almaniya Avropa İttifaqının ən aparıcı maliyyə, sənaye və hərbi gücə malik ölkəsi kimi, Ukraynaya ən çox yardım edən dövlətlərdən biri hesab olunur. Ona görə də Almaniya-Rusiya münasibətləri gərgin olaraq qalır. Belə ki, Almaniya ərazisində yerləşən, Rusiyaya məxsus neft emalı zavodlarının milliləşdirilməsi prosesi gündəmdədir. Bundan əlavə, Almaniyada Rusiyaya məxsus böyük həcmdə qaz ehtiyatı saxlayan müəssisələr mövcuddur və bu müəssisələrin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Bunun əvəzində isə Rusiya Almaniya daxilində müəyyən siyasi təsir mexanizmlərindən istifadə etməyə çalışır. Məsələn, "Almaniya üçün Alternativ" partiyası vasitəsilə Merzin rəhbərlik etdiyi koalisiyaya təsir göstərmək cəhdləri edilir".
Səmayə Səftərova