Almaniya hərbi xidmətlə bağlı qanunu təsdiqləyib
Almaniya Nazirlər Kabineti altı aylıq könüllü hərbi xidmət proqramını nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihənin məqsədi hazırda təxminən 100 min nəfərdən ibarət olan ehtiyat qüvvələrin ikiqat artırılması və iştirakçıların bir qismini daimi xidmətə cəlb etməkdir.
Qanun layihəsi indi parlamentə göndəriləcək. Burada onu çətin müzakirələrin gözlədiyi, bunun isə Almaniyanın Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra müdafiəsini gücləndirmək iradəsinin sınağı olacağı bildirilir.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə ləğv olunub. O vaxtdan bəri Bundesver (Almaniya Silahlı Qüvvələri) kadr çatışmazlığı ilə üzləşir. Müdafiə naziri Boris Pistorius ordunun sayını 180 mindən 2030-cu illərin əvvəlinə qədər 260 min nəfərə çatdırmağı hədəfləyir. Bu, həm NATO öhdəliklərinə, həm də artan təhlükəsizlik tələblərinə uyğundur.
“Bundesver böyüməlidir. Rusiyanın aqressiv mövqeyi bunu zəruri edir. Biz yalnız yaxşı təchiz olunmuş orduya deyil, həm də kifayət qədər şəxsi heyətə ehtiyac duyuruq. Yalnız bu halda Rusiyaya qarşı çəkindiricilik inandırıcı olacaq",- deyə Pirtorius bildirib.
Plan çərçivəsində hərbi xidmətə çağırış hədəflərinin 2026-cı ildə 20 min nəfərdən 2030-cu ildə 38 min nəfərə yüksəldilməsi nəzərdə tutulur. Əgər bu hədəflərə nail olunmasa, hökumət parlamentin təsdiqi ilə məcburi hərbi xidmətin bərpasını gündəmə gətirə bilər.
Bundan əlavə, Almaniya hökuməti uzunmüddətli təhlükəsizlik planlaşdırmasını gücləndirmək üçün Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib. Yeni qurum Federal Təhlükəsizlik Şurası və Təhlükəsizlik Kabinetinin yerini tutacaq. Bu addım kansler Fridrix Mersin seçki kampaniyasında verdiyi vədlərdən biri idi.
Mers həmçinin Fransa prezidenti Emmanuel Makronla ilin sonuna qədər Gələcək Döyüş Hava Sistemi (FCAS) layihəsi ilə bağlı qərar qəbul etmək barədə razılığa gəldiyini açıqlayıb. Bu beynəlxalq təşəbbüs Avropa hava qüvvələri üçün yeni nəsil qırıcı təyyarələr və sistemlərin hazırlanmasını nəzərdə tutur.
ANEWZ
Güllər Gülhüseynova