Almaniya şirkətləri Azərbaycanın enerji və nəqliyyat sektoruna sərmayə imkanlarını araşdırır
7 oktyabr 2025-də yayılan məlumata görə, Almaniya şirkətləri Azərbaycanda enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrə ciddi maraq göstərir. Bu maraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi və texnoloji biliklərin paylaşımı baxımından mühüm fürsətlər yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda Azərbaycan investisiya layihələri təqdim edir. Məsələn, enerji layihələri. Enerji layihələri - külək, günəş paneli, su elektrik stansiyaları, yəni bunlar da alternativ enerjidir:
"Bizim alternativ enerjini inkişaf etdirmək istəyimiz var. Məqsəd odur ki, o şəbəkələr vasitəsilə məhsulları Avropaya,Türkiyəyə çıxaraq. Ona görə fikirləşirik ki, bu layihələri təqdim edək, investorlar gəlsin. İnvestorlar bizim üçün ona görə maraqlı hesab olunur ki, bu investorlar gələndə həmin o hökumətin nümayəndələri, hökumətin dəstəyi ilə gələr, həm də o məhsulu satmaq, təhlükəsizlik məsələləri, maliyyələşmə məsələləri daha yaxşı əldə olunar. Belə bir məsələ var ki,ölkə digər bir ölkənin timsalında olanda problem olsa risk həmin ölkənin üstündədir. Lakin bir neçə ölkə bura cəlb olunanda isə mühafizədə, dəstəkdə, layihənin təhlükəsizliyində daha çox ölkə tərəfindən müdafiə olunur".
Xalid Kərimli həmçinin bildirib ki,əgər əməkdaşlıq genişlənsə, təbii ki, müsbət təsir edə bilər:
"Azərbaycan iqtisadiyyatına qoyulan Qərb, Avropa investisiyaları həm texnologiya gətirirlər, həm yaxşı idarəetmə gətirirlər, həm də iş yerləri yaradılmasına səbəb olurlar. Alman şirkətlərlə əməkdaşlıq həm yerli şirkətlər üçün işlərində formalaşmasına, sifariş işlərinin alınmasına imkan yaradır, həm də Almanlarla texnologiya, idarəetmə sahəsində də biliklərin əldə edilməsinə gətirib çıxara bilər. Söhbət təkcə Almaniyadan getmir. Ümumiyyətlə, Azərbaycana istənilən mənbədən - bu İtaliyadan ola bilər, bu Ərəbistandan ola bilər, bu Özbəkistandan ola bilər, bu Monqolustandan da ola bilər. Kapitalın birbaşa xarici investisiya şəklində gəlməsi Azərbaycan iqtisadiyyatı üçün müsbətdir, yaxşı effektlər verir".
Aysun Vəliyeva
