Almaniyanın Avropanın ən güclü ordusunu qurmaq planı
Almaniya kansleri Olaf Şoltsun son bəyanatı - “Avropanın ən güclü ordusunu quracağıq” - qitədə təhlükəsizlik balansını yenidən gündəmə gətirib. Berlinin hərbi ambisiyalarının açıq şəkildə ifadə olunması həm NATO daxilində, həm də qlobal geopolitik sistemdə yeni dinamika yaradıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Almaniyanın bu istiqamətdə atdığı addımlar Avropa təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına işarədir:
“Berlin uzun illər iqtisadi güc kimi tanınırdı. Lakin Ukrayna müharibəsi Almaniyanı hərbi sahədə daha sərt mövqeyə keçməyə məcbur edib. Müdafiə büdcəsinin artırılması, Bundesverin modernləşdirilməsi və yeni nəsil silah sistemlərinə böyük investisiyalar Avropada təhlükəsizlik nizamını dəyişəcək. Almaniyanın güclənməsi NATO daxilində yük bölgüsünü daha balanslı edir və Avropa İttifaqının “strateji muxtariyyət” xəttinə real zəmin yaradır. Qitə artıq təhlükəsizlik məsələlərində tam şəkildə ABŞ-dən asılı olmaq istəmir”.
Qarayeva hesab edir ki, Berlinin silahlanma tempi Moskvanın narahatlığını daha da artıracaq:
“Rusiya Almaniyanın hərbi modernizasiya proqramını tarixi təcrübələrə əsasən strateji təhdid kimi görür. Bu, Kremlin Qərb sərhədlərində hərbi aktivliyi artırmasına, Belarusla daha sıx hərbi inteqrasiyaya və nüvə ritorikasının sərtləşməsinə səbəb ola bilər. Bu proses Avropada yeni silahlanma yarışını alovlandırır və regionda uzunmüddətli təhlükəsizlik risklərini artırır. Almaniyanın hərbi güclənməsinin təsirləri təkcə Avropa ilə məhdudlaşmır. ABŞ yaxın illərdə Avropadakı yükünü azaltmağa, diqqətini Çinlə rəqabətin daha kəskin olduğu Sakit okean regionuna yönəltməyə hazırlaşır. Bu fonunda Avropanın hərbi sənayesinə edilən böyük yatırımlar qitəni qlobal hərbi oyunçuya çevirə bilər".
Ekspert bildirir ki, Almaniyanın güclənməsi yalnız Avropada deyil, Yaxın Şərqdən tutmuş Arktikaya qədər bir çox bölgədə təhlükəsizlik dinamikasına təsir göstərəcək. Yeni bloklaşma prosesləri başlayacaq və geopolitik rəqabət daha kəskin forma alacaq.
Fatimə Hüseynli
