Almatı Bəyannaməsi fonunda Qərbi Azərbaycan məsələsi
Son günlər "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində hazırlanan süjetdə Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı və Ermənistan Baş naziri Nikol Paşinyanın Almatı Bəyannaməsinə istinad etməsi diqqət mərkəzinə çevrilib. Məsələ təkcə Bakı-İrəvan sülh danışıqları üçün deyil, həm də Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmə gəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan tərəfinin narahatlığı və bu narahatlığın səbəbləri isə regionun gələcəyinə dair suallar doğurur.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında aparılan müzakirələr çox ciddi məsələləri əhatə edir:
"Burada Qərbi Azərbaycan mövzusu xüsusi önəm daşıyır, çünki Azərbaycanın strateji hədəflərindən biri azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsidir. Ermənistan tərəfi Almatı Bəyannaməsinə əsaslanaraq, 1991-ci ilin sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınmasını tələb edir. İrəvan hesab edir ki, Azərbaycan Qərbi Azərbaycan anlayışını gündəmə gətirməklə indiki Ermənistan ərazilərinə iddia edir. Tarixi, mədəni və mənəvi baxımdan bu ərazilər Azərbaycanın mirasıdır, lakin müəyyən obyektiv və subyektiv səbəblərə görə vaxtilə Ermənistana verilib".
Ekspertin vurğulayıb ki, hazırkı mərhələdə tərəflər arasında sülh mühiti formalaşır və bu, qarşılıqlı ərazi iddialarının irəli sürülməsini mümkünsüz edir:
"Bununla belə, Qərbi azərbaycanlıların tarixi yurdlarına dönüşü məsələsi gündəmdə qalır. Bu proses yalnız sülh müqaviləsi imzalandıqdan sonra hüquqi əsaslar üzərində həyata keçiriləcək. Dövlətlərarası münasibətlərdə tənzimlənmə getdikcə, Qərbi Azərbaycan məsələsi də real siyasi gündəlikdə öz əhəmiyyətini qoruyacaq və proseslər mərhələli şəkildə davam etdiriləcək".
Sura Əliyeva
