“Alternativ marşrutlar düzgün təşkil olunmasa, sıxlıq qaçılmazdır” - NƏQLİYYAT EKSPERTİ
Bakının iki rayonunda yolların bağlanması və hərəkətə məhdudiyyətlərin tətbiqi sürücülər üçün əlavə çətinliklər yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, rayonda yolun bağlanması lokal xarakter daşısa da, sonradan daha geniş əraziyə yayılan nəqliyyat sıxlığına səbəb ola bilər:
“Bağlanan yolun üzərindəki nəqliyyat axını sadəcə yox olmur. Avtomobillər paralel və alternativ küçələrə yönəlir. Bu küçələrin buraxılış qabiliyyəti kifayət etmədikdə həmin ərazilərdə də sıxlıq yaranır. Bəzən alternativ marşrutlar barədə əvvəlcədən məlumat verilmədikdə müəyyən problemlər ortaya çıxır. Məsələn, sürücü bağlanmış əraziyə çatdıqdan sonra istiqamətini dəyişməyə məcbur olur. Bu isə son anda zolaq dəyişmələri, qəfil dönmələr və kəsişmələrdə əlavə manevrlərə səbəb olur. Nəticədə, bir avtomobilin marşrutunun dəyişməsi digər sürücülərin hərəkətinə də təsir göstərir”.
Nəqliyyat eksperti qeyd edib ki, sadəcə “yol bağlanıb, alternativ yoldan istifadə edin” deməklə məsələ həll olunmur:
“Alternativ yolların aydın şəkildə göstərilməsi, müvəqqəti yol nişanlarının düzgün yerləşdirilməsi və naviqasiya sistemlərində məlumatların operativ şəkildə yenilənməsi vacibdir. Burada əsas məsələ yol təmirinin aparılması deyil, işlərin mümkün qədər qısa müddətdə, mərhələli şəkildə və nəqliyyat axınına minimum təsirlə həyata keçirilməsidir. Təmir müddətinin hər hansı səbəbdən uzadılması gözlənilirsə, bu barədə sürücülərə əvvəlcədən məlumat verilməli və alternativ hərəkət sxemi yenilənməlidir. Sürücülər üçün konkret və aydın hərəkət sxemi təqdim olunmalıdır”.
Selcan Xudiyeva