Ana Brnabiç: Serbiya ilə Azərbaycan ticarət-iqtisadi əlaqələri real potensialı əks etdirmir
Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Serbiya arasında xüsusilə enerji sahəsindəki əlaqələr daha yüksək səviyyədə qurulub:
"Serbiya ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin həcmi 2-3 il əvvəl 10 milyard dolları keçib. Bu əlaqələr son illər ərzində yüksələn xətt üzrə inkişaf edir və getdikcə daha geniş spektri əhatə edir. Bu gün Azərbaycan ilə Serbiya arasında demək olar ki, iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən neft, qaz, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq genişlənməkdədir. Azərbaycan ilə Serbiya arasında xüsusilə enerji sahəsindəki əlaqələr daha yüksək səviyyədə qurulub. Bu əməkdaşlıq həm qarşılıqlı strateji tərəfdaşlıq baxımından, həm də Azərbaycanın Avropaya çıxış imkanları və siyasi baxımdan müəyyən oxşarlıqlara görə əhəmiyyətlidir. Azərbaycan Kosova məsələsində ədalətli mövqe nümayiş etdirib. Bu amillər iki ölkə arasında müttəfiqliyin möhkəmlənməsinə, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaradır. Bu əməkdaşlıq Serbiya üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan üçün də bir o qədər vacib və mənalıdır".
Səmayə Səftərova