Anadolu Ankası - 2026 təlimində beynəlxalq əməkdaşlıq gücləndirilir
Azərbaycan hərbçiləri Türkiyənin Konyada keçirilən “Anadolu Ankası - 2026” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edir. Aprelin 17-dək davam edəcək təlim müxtəlif ölkələrin hərbi qüvvələri arasında operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının yüksəldilməsini hədəfləyir.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Anadolu Ankası təlimləri 2018-ci ildən keçirilir:
“İlk dəfə Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı və Şimali Kiprin iştirakı ilə keçirilən təlimlər sonradan daha geniş tərkibdə Türkiyə ərazisində yerləşən Konya şəhərində həyata keçirilməyə başlayıb. Təlimlər heç bir halda güc balansının dəyişməsi kimi bir məqsədi daşımır. Əsas məqsəd dost və müttəfiq ölkələrin hərbi qulluqçuları arasında ortaq əməliyyatların həyata keçirilməsi, bu əməliyyatların idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və iştirakçı hərbi hissə və bölmələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir”.
Ədalət Verdiyev qeyd edib ki, bu təlimlərdə hərbi qulluqçular aktual mövzularda birgə fəaliyyət göstərəcək:
“Artıq axtarış-xilas əməliyyatları klassik metodlarla həyata keçirilmir. ABŞ-nin son dəfə keçiridiyi xilasetmə əməliyyatında müasir texnologiyaların və süni intelektin tətbiqi ilə avadanlıqların istifadəsi müşahidə olunub. Bu əməliyyatların həyata keçirilməsində yeni yanaşmalar və fəaliyyət metodlarının tətbiqi tələb olunur. Azərbaycan hərbi qulluqçuları da bu tədbirlərdə pilotlarımız, axtarış-xilasetmə mütəxəssisləri və paraşüt-desant bölmələrinin heyəti ilə təmsil olunur. Bu təlimlər Azərbaycan heyətinin hərbi hazırlığına müsbət təsir göstərəcək. Dost və müttəfiq ölkələrlə təcrübə mübadiləsi aparılması yeni metodların tətbiqi və təcrübə aparılmasına geniş imkanlar yaradacaq”.
Fatimə Hüseynli