Andrey Troşev “Vaqner”in başına gətirilir?
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Tver vilayətində qəzaya uğrayan təyyarədə “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojinin də olduğunu açıqlaması hazırda bütün dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilib. Yaxın dövrdə Rusiyada qiyama cəhd edən şəxsin belə faciəli şəkildə ölməsi geniş müzakirələrə səbəb olub. Amma hazırda ən maraqlı digər məqam Priqojindən sonra “Vaqner”i taleyinin necə olacağıdır. Bu qruplaşma tarixinə qovuşacaq, yoxsa yeni liderin idarəçiliyi altında döyüş meydanında atılacaq?
Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarənin Tver vilayətində qəzaya uğraması dünya gündəminə bomba kimi düşüb. “Embraer” təyyarəsində həlak olanlar arasında “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevqeni Priqojin və qruplaşmanın qurucusu Dmitri Utkinin olması isə hadisə ətrafında müzakirələri pik həddə çatdırıb. Rusiyanın nüfuzlu mətbuat orqanlarının xəbərinə görə, Priqojin qərb kəşfiyyat orqanları tərəfindən izlənilirdi və onun barəsində dövlətlərinin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün müvafiq göstərişlər verilmişdi. Qərb mənbələrində isə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğu tırajlanıb. Maraqlısı odur ki, dünyanın əksər media orqanının irəli sürdüyü bu iddianı ilk ortaya atan “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” kanalı olub. Görünür, muzdlu hərbçilər baş verənlərin pərdəarxasında Kremlin dayandığından əmindilər. Elə vaqnerçilər yaydığı son video-müraciət də buna işarə edir. Sosial şəbəkədə yayılan videoda üzü bağlı olan vaqnerçilər bildiriblər ki, bundan sonra bizim növbəmizdir, bizi gözləyin. Bu da liderlərinin ölümündən sonra Vaqnerin Rusiya hökumətinə qarşı çıxıb-çıxmayacağı məsələsini gündəmə gətirir. Bu barədə fikir ayrılıqları olsa da, ümumi rəy ondan ibarətdir ki, qruplaşma intiqam almaq üçün addımlar atmayacaq. Çünki qrup muzdlu döyüşçülərdən ibarətdir və onlar arasında ideologiyadan çox maddiyyat faktoru populyardır. Eyni zamanda, baş verən hadisə Kremlə qarşı çıxanlara bir ismarıc kimi dəyərləndirilir. Odur ki, döyüşçülərin bir qismi intiqam almaq istəsə də, çoxluq bu versiyanı seçməyəcək.
“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun açıqlamasına görə, böyük ehtimalla Kreml vaqnerçilərin ciddi qarşıdurması ilə üzləşməyəcək. Sözügedən hərbi şirkətin bundan sonrakı aqibətinə gəlincə isə, rusiyalı şərhçi deyir ki, nəzərə almaq lazımdır ki, “Vaqner” kimi effektiv və güclü strukturun dünya tarixində presedenti olmayıb. Eyni zamanda, Rusiya dövlətinin bir çox ölkələr və qruplaşmalarla əlaqələri bu təşkilatın öhdəliyindədir. Xüsusən də, “Vaqner”in sonuncu missiyası qruplaşmanın Afrikadakı fəaliyyətini genişləndirmək olub. Daha geniş perspektivdən baxsaq, hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir. Bu səbəbdən də rəsmi Moskva qruplaşmanın dağılmasına imkan verməyəcək. “Hesab edirəm ki, Rusiya dövləti “Vaqner” mirasına praqmatik yanaşmalıdır. Onu itirmək olmaz. Bu hərbi şirkət xüsusilə Afrikadakı planlar üçün unikal, faydalı bir mexanizm olaraq qorunub saxlanılmalı və gələcəkdə istifadə edilməlidir”.
Siyasi şərhçi Turab Rzayev də deyir ki, Vaqner bir çox xarici ölkələrdə döyüşür. Onların əvəzinə rus hərbi qüvvələrinin mübarizə aparması mümkün deyil. “Bu, Rusiyanın aqressor kimi tanınması ilə nəticələnə bilər. Ona görə də, çox güman ki, qruplaşma xarici ölkələrdə fəaliyyətini davam etdirəcək”.
Eyni zamanda, “Vaqner” de-fakto olaraq Rusiya Silahlı Qüvvələrinin bir qolu hesab edilir. Buna görə də, Rusiyanın hərbi elitası çalışacaq ki, bundan sonra qruplaşmanın üzvləri ilə müqavilə imzalayaraq, hərbi şirkətin mövcudluğunu qorusun. Amma “Vaqner” adının dəyişilməsi, şirkətin köklü transformasiyalar keçirməsi də istisna edilmir. Qruplaşmanın yeni rəhbərinin Rusiya Prezidentinin etimadını doğruldan şəxs olacağı isə dəqiqdir. Daha öncə Vladimir Putin Priqojinin üsyana cəhdindən sonra Andrey Troşevi “Vaqner”in başına gətirmək istədiyini açıqlayıb. Bu təklid hazırda ən real ssenari kimi qiymətləndirilir.
JALƏ
