00:00:00
Yazar
Ayan Sədi
06.07.2026 22:31 43 2 dəq oxuma
Gündəm

Ankarada NATO Sammiti: Qlobal təhlükəsizliyin gələcəyi müzakirə olunacaq

Ankarada NATO Sammiti: Qlobal təhlükəsizliyin gələcəyi müzakirə olunacaq

Bu il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Sammiti mürəkkəb geosiyasi şəraitdə baş tutur.

 

Mövzu ilə bağlı açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və beynəlxalq təhlükəsizlik sistemində olan dəyişikliklər sammiti son illərin ən mühüm beynəlxalq toplantılarından birinə çevirir.

 

Politoloqun sözlərinə görə, sammitin gündəliyini qlobal böhranlar müəyyənləşdirir. Dünyada müşahidə olunan geosiyasi proseslər NATO-nun qarşısında yeni çağırışlar formalaşdırır.

 

"Yaxın Şərqdəki hadisələr, eləcə də ABŞ ilə Avropadakı NATO müttəfiqləri arasında bəzi məsələlər üzrə yaranmış fikir ayrılıqları sammitin gündəliyini daha da aktuallaşdırır. ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı ilə bağlı müxtəlif fikirlər səslənsə də, Vaşinqton üçün NATO beynəlxalq təhlükəsizlik sisteminin əsas dayaqlarından biri olaraq qalır və ABŞ alyansın dəstəyinə strateji əhəmiyyət verir".

 

Ankara Sammitində əsas diqqət müdafiə sənayesi və hərbi əməkdaşlığın gücləndirilməsinə yönələcək. Taleh Əliyev hesab edir ki, zirvə görüşünün ən mühüm nəticələrindən biri bu sahədə böyük həcmli razılaşmaların əldə olunması olacaq.

 

"Artıq NATO-nun Baş katibi bildirib ki, sammitin ilk günündə müdafiə sənayesi sahəsində yüz milyardlarla dollar dəyərində müqavilələrin imzalanmasının şahidi olacağıq. Bu addımlar həm alyansın hərbi potensialını gücləndirəcək, həm də Rusiyaya qarşı çəkindirici mesaj xarakteri daşıyacaq".

 

Taleh Əliyev vurğulayıb ki, sammitin Türkiyədə keçirilməsi ölkənin geosiyasi rolunu bir daha ön plana çıxarır. NATO Zirvə Toplantısına Türkiyə əvvəllər də ev sahibliyi edib və bu, təsadüfi seçim deyil.

 

"Tətbiq olunan ənənəyə uyğun olaraq Türkiyə daha əvvəl də NATO Zirvə Toplantısına ev sahibliyi edib. Hazırkı geosiyasi şəraitdə sammitin məhz Ankarada keçirilməsi isə Türkiyənin regional və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir".

 

Politoloqun fikrincə, sammit Azərbaycanın maraqları baxımından da xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Azərbaycan uzun illərdir NATO ilə əməkdaşlıq edir və bu istiqamətdə mühüm təcrübə formalaşdırıb.

 

"Azərbaycan uzun illərdir NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edir. Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb, Azərbaycan hərbçiləri isə alyansın müxtəlif sülhməramlı missiyalarında iştirak ediblər.

 

Ankara Sammiti NATO tarixində alyansın hərbi imkanlarının gücləndirilməsi, üzv dövlətlər arasında milyardlarla dollar dəyərində müdafiə müqavilələrinin imzalanması və qlobal rəqiblərə ünvanlanan siyasi mesajları ilə yadda qalacaq".

 

Süsən Mərdalıqızı

 

 

##NATO #Ankara #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər