Apteklərdə satılan dərmanların saxtalığı necə müəyyən edilir?
Son illərdə saxta dərmanların dövriyyəsi dünya ilə yanaşı, region ölkələri üçün də ciddi problemə çevrilib. Mütəxəssislər bildirirlər ki, saxta və keyfiyyətsiz preparatlar insanların sağlamlığı üçün təhlükə yarada, müalicənin effektivliyini azalda bilər. Bu baxımdan, vətəndaşların aldıqları dərmanların orijinallığını yoxlama üsullarını bilməsi vacib sayılır.
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov bildirib ki,saxta dərmanların qarşısında nəzarət əsas rol oynayır:
“Dərmanların saxta olub-olmamasını müəyyənləşdirmək elə də çətin məsələ deyil. Hər bir vətəndaş bunu özü də asanlıqla müəyyən edə bilər. Amma burada əsas məsələ dövlət qurumlarının nəzarətidir. Belə ki, gömrükdən keçən müxtəlif dərmanlardan müəyyən nümunələr götürülərək laboratoriyalarda yoxlanmalıdır. Dəqiqləşdirilməlidir ki, dərmanın tərkibində göstərilən maddələr həqiqətən də içlik vərəqəsində qeyd olunan miqdardadır, yoxsa yox. Dövlətin əlində bunun üçün kifayət qədər cihaz və laboratoriya imkanları var. Həmin cihazlarla bunu müəyyən etmək elə də çətin deyil. Yəni bu, əsasən nəzarətedici qurumların işidir. Digər tərəfdən, xaricdən gətirilən dərmanlarla bağlı məsələ var. “Saxta dərman” deyəndə burada tam saxta məhsul nəzərdə tutulmur. Belə hallar olur ki, dərmanların bir qismi sex şəraitində, digər qismi isə zavod şəraitində istehsal edilir. Zavod istehsalı olan dərmanları saxtalaşdırmaq mümkün deyil. Çünki zavod istehsalı zamanı barkoda əlavə olunan “Google Control” adlı xüsusi nəzarət rəqəmi olur və həmin nəzarət sistemindən yayınmaq mümkün deyil. Orada aldatma ehtimalı yoxdur. Amma sex şəraitində istehsal olunan dərmanlarda həmin “Google Control” sistemi quraşdırılmır. Buna görə də eyni adda və eyni tərkibli dərmanlar istehsal olunsa da, onların keyfiyyəti və tərkibindəki maddələrin miqdarı zavod istehsalı ilə eyni olmur. Əgər adi vətəndaş almaq istədiyi dərmanın orijinal olub-olmadığını yoxlamaq istəyirsə, bunun üçün telefonundakı barkod yoxlama funksiyasından istifadə edə bilər. Müasir smartfonların demək olar hamısında bu imkan mövcuddur”.
Həmçinin ekspert bildirib ki,dərmanın orijinallığını barkod yoxlaması ilə müəyyən etmək mümkündür:
“Barkodu oxudarkən bəzi telefonlarda “vebdə axtar”, bəzilərində isə “google.com” seçimi çıxır. Bir çox insan sadəcə rəqəm çıxan kimi dərmanın orijinal olduğunu düşünür. Amma bu kifayət deyil. Barkodu mütləq internet üzərindən yoxlamaq lazımdır. Həmin sistem vasitəsilə dərmanın şəkli, istehsal məlumatları və digər detalları görünür. Bu məlumatlar çıxırsa, artıq dərmanın orijinal olduğunu müəyyən etmək mümkündür. Çünki həmin sistem “Google Control” nəzarəti ilə işləyir. Bəzi insanlar düşünür ki, bu məlumatları sonradan Google-a əlavə etdirmək mümkündür. Amma bu, doğru deyil. Həmin nəzarət sistemi xüsusi aparat vasitəsilə avtomatik işləyir. Dərman qablaşdırılan zaman son nəzarət rəqəmi avtomatik şəkildə vurulur. Üstəlik, həmin kodlar gün ərzində iki dəfə dəyişdirilir. Həmin gün hansı rəqəmin istifadə olunduğunu əvvəlcədən heç kəs bilə bilməz. Kod yalnız zavoddakı sistem tərəfindən yaradılır və dərman konveyerdən çıxan anda avtomatik şəkildə telefon şəbəkələrində görünür. Sonradan ona müdaxilə etmək mümkün deyil. Buna görə də ən etibarlı üsullardan biri barkod yoxlamasıdır. Bundan əlavə, bəzi məhsullarda barkod əvəzinə xırda nöqtələrdən ibarət dördbucaqlı yoxlama kodları da olur. Həmin sistemə müəyyən hallarda müdaxilə etmək mümkün ola bilər. Amma barkod üzərindəki “Google Control” sisteminə giriş etmək mümkün deyil. Əgər barkodu yoxladıqda dərmanın şəkli və məlumatları çıxırsa, bu, məhsulun zavod istehsalı və orijinal olduğunu göstərir. Amma məlumat çıxmırsa və ya əlaqəsiz şəkillər görünürsə, yaxud “bu barədə məlumat yoxdur” yazılırsa, bu halda dərmanın zavod istehsalı olmadığı ehtimalı yaranır”.
Arzu Poladova