00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 21:36 23 2 dəq oxuma
Siyasət

Asiya ilə Avropa arasında yeni qapı açılır

Asiya ilə Avropa arasında yeni qapı açılır

Özbəkistanın Fərqanə vilayəti ərazisində “Mərkəzi Asiya və Azərbaycan” dostluq forumu çərçivəsində “Mərkəzi Asiya ölkələri - Azərbaycan dostluğunun yeni dövrü” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərin genişlənməsi dövrün tələbindən irəli gələn zərurətdir:

 

“Ortaq həll etməli olduğumuz problemlər var. Artıq həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər yeni mərhələyə qədəm qoyub. Beş Mərkəzi Asiya respublikasının ali rəhbərlərini birləşdirən məşvərət mexanizmi mövcuddur və bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də həmin platformaya rəsmi dəvət alıb. Daşkənd, Astana və Bişkək Azərbaycanı mühüm tərəfdaş kimi qiymətləndirirlər. Azərbaycan Mərkəzi Asiya üçün Avropaya açılan qapıdır, Mərkəzi Asiya isə Azərbaycan üçün Asiyaya açılan qapıdır. Dəhlizlərin strateji əhəmiyyət daşıdığı bir dövrdə bu forum həm də dostluq və qardaşlıq platforması kimi qiymətləndirilə bilər. Fərqanə vilayəti aqrar sektorun, sənayenin və mədəni həyatın inkişaf etdiyi əsas regional mərkəzlərdəndir. Regionlararası inteqrasiyanın gücləndirilməsi ideyası bir neçə il əvvəl Prezident İlham Əliyev tərəfindən də irəli sürülüb və Azərbaycan bu sahədə praktik nümunələr nümayiş etdirib. Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində də məhz regionlararası birbaşa əlaqələr mühüm rol oynayır”.

 

Həmçinin politoloq qeyd edib ki, Dövlət qurumlarının, nazirliklərin, korporasiyaların nümayəndələrinin qarşılıqlı səfərləri, ortaq tədbirlər, beyin mərkəzləri arasında əməkdaşlıq bu münasibətlərin dərinləşməsinə xidmət edir:

 

“Bu yerli xüsusiyyətləri daha yaxşı anlamağa və konkret layihələrin formalaşmasına imkan yaradır. Bakı ilə Daşkənd arasında siyasi dialoq yüksək səviyyədədir və liderlər arasında şəxsi münasibətlər də əməkdaşlığa müsbət təsir göstərir. Bu gözlənilməz situasiyalarda operativ qərarların qəbulunu asanlaşdırır. Həm Avropa İttifaqı, həm də Çin Xalq Respublikası region ölkələrinə böyük maraq göstərir. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyi çərçivəsində də ölkələr arasında əlaqələr davam edir. Bu çoxşaxəli platformalar inteqrasiya imkanlarını daha da genişləndirir. Artıq türk birliyi və Türk Dövlətləri Təşkilatı dünya sistemində öz yerini möhkəmləndirib. Süni intellekt, rəqəmsallaşma və enerji generasiyası kimi sahələrdə yüksək texnologiyaların tətbiqi bu əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu sahələrdə birgə fəaliyyət gələcək inteqrasiyanın əsas dayaqlarından biri olacaq”.


Günel Əlili

#avropa #azərbaycan #xəbər #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər