Atəşkəs uzadılacaq, yoxsa gərginlik artmağa davam edəcək?
“ABŞ-nin İranın limanlarına və ya sahil xəttinə qarşı tətbiq etdiyi blokada təkcə Pakistanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin pozulması deyil, həm də qanunsuz və cinayət xarakterlidir”.
Bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin bu sözlərində həqiqət payı var:
“Atəşkəs anlayışı tərəflərin müəyyən edilmiş müddət ərzində bir-birinə qarşı hər hansı hərəkət etməməsini nəzərdə tutur. Bu döyüş meydanında da, digər istiqamətlərdə də ola bilər. Ümumiyyətlə, atılan hər hansı addım atəşkəsə ziddir. Amerika İran cəbhəsində aldığı zərbələrin fərqindədir və onları müəyyən formada sığortalamaq istəyir. Həm öz cəmiyyətinə, həm də dünyaya savaşda məğlub olmadıqlarını göstərmək istəyir. Bu açıqlamalardan aydın görünür ki, İran tərəfinin də əlinə bir bəhanə verib.
Cavanşir Abbaslı qeyd edib ki, atəşkəsinin müddəti uzadılacaq:
“Ya atəşkəsin müddəti uzadılmalıdır, ya da tərəflər yenidən döyüş meydanına qayıtmalıdırlar. Pakistanın bu danışıqların fonunda vasitəçi kimi uğur qazanması Azərbaycanın da, Türkiyənin də uğur qazanması deməkdir. Biz ümid edirdik ki, İslamabad görüşü müsbət yekunlaşacaq və Pakistanın dünyada qalib görkəmi bir daha sübut olunacaq. Amma görünən odur ki, aprelin 8-də əldə olunan 14 günlük atəşkəs pozulmağa doğru gedir”.
Nuray Əliyeva