“ Atəşkəsin əldə olunması Yaxın Şərqdə sabitliyə aparan yoldur”- Deputatdan ŞƏRH
Livanın Prezidenti Jozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Livan Prezidenti Jozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu arasında aparılan telefon danışıqlarından sonra 16 aprel 2026-cı ildən etibarən İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub:
“Atəşkəsin əldə olunması, əslində, uzun müddətdir davam edən gərginliyin aradan qaldırılması üçün bir addım kimi qiymətləndirilə bilər. Bu gərginlikdə çoxlu sayda insan həyatını itirib, 2 milyona yaxın insan isə yaşadığı ərazilərdən didərgin düşüb. Bu, tərəflər arasındakı şiddətli toqquşmalardan sonra atılan ilk böyük diplomatik addım kimi dəyərləndirilir. Livan prezidenti bu razılaşmanı sülh prosesinin başlanğıcı kimi qiymətləndirib. Atəşkəs, əslində, 10 günlük dövrü əhatə edir və müvəqqəti xarakter daşıyır. Amma istənilən halda ilk addım kimi qiymətləndirilməklə gündəmdədir.
İsrail tərəfi atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, hələ ki, öz qoşunlarını Livanın cənub hissəsindən çəkməyəcəklərini bildiriblər. Yekun sülh müqaviləsi imzalanmaq üçün Hizbullahın tərk-silah olunması şərtini irəli sürüblər. Bu da atəşkəsin davamlı ola biləcəyini şübhə altına alan məqamlardan biridir.
Düzdür, Tramp qeyd edib ki, Hizbullah da atəşkəslə bağlı məsələnin tərəfidir, amma Hizbullah rəsmiləri konkret olaraq bu razılaşmanın tərəfi deyillər. Buna baxmayaraq, hələ ki, razılaşma ilə bağlı öz konkret mövqelərini də bildirməyiblər. Bu, gələcək üçün atəşkəsin davamlı ola biləcəyinə ciddi maneə yarada biləcək amil kimi qəbul edilməlidir”.
Deputat qeyd edib ki, razılaşmanın əldə olunmasında görünən bundan ibarətdir ki, əsas vasitəçi tərəf Amerika Birləşmiş Ştatları prezidentidir:
“Eyni zamanda, Amerikanın dövlət katibi Marko Rubio da intensiv danışıqlar aparıb. Bu da Amerika Birləşmiş Ştatlarının regionda vasitəçilik missiyasını üzərinə götürən əsas tərəf olduğunu göstərir və mövqelərini gücləndirib.
Proses 2024-cü ilin noyabrında BMT və Fransanın göstəriciliyi ilə əldə olunub və həmin təcrübəyə əsaslanır. İranın əsas tərəf olaraq proksi qüvvəsi kimi Hizbullahın sülh prosesinə davamlı olacağını necə reaksiya verməsindən asılı olaraq da gələcəkdə prosesin dayanıqlı olacağını müəyyənləşdirmək olar. İstənilən halda atəşkəsin əldə olunması Yaxın Şərqdə sabitliyə aparan yoldur və ciddi addım kimi qiymətləndirilir. Digər tərəfdən atəşkəsin əldə olunması eyni zamanda, növbəti mərhələdə İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında razılaşmalar üçün də vəsilə ola biləcəyi ehtimalını da irəli sürmək olar. Çünki İranın Amerika Birləşmiş Ştatları ilə danışığında əsas tələblərindən biri Hizbullah ilə bağlı məsələnin gündəmdə olması ilə diqqət mərkəzindədir. Amerika Birləşmiş Ştatları İranın Hizbullaha dəstək verməməsini hədəfləyirsə, İran tərəfi də bu məsələdə öz mövqeyini ortaya qoyub. Gələcəkdə İranla danışıqlarda da Hizbullahın taleyi ilə bağlı məsələ İran-ABŞ münasibətləri, eyni zamanda Livan-İsrail münasibətlərinə və bu münasibətlərdə sülhün əldə olunması amilinə ciddi təsir edə biləcək məsələ kimi diqqət mərkəzindədir.
Nəticə etibarilə, dayanıqlı sülhə nail oluna bilməsi Hizbullahın prosesə hansı münasibət bildirəcəyindən ciddi surətdə asılıdır”.

Nərmin Həşimova