“Atəşkəs danışıqları Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm mərhələ hesab olunur”
Misirdə oktyabrın 8-də keçiriləcək atəşkəs danışıqları Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın da iştirak edəcək. Bu, Ankaranın Qəzza məsələsində aktiv vasitəçilik rolunu davam etdirmək niyyətini göstərir.
Danışıqların əsas məqsədi İsrail və Həmas arasında dayanıqlı atəşkəsin əldə olunmasıdır. Lakin proses çətin gedir-tərəflərin tələbləri fərqlidir. İsrail təhlükəsizlik zəmanətləri və girovların azad edilməsini ön plana çəkir, Həmas isə Qəzzadakı blokadanın tam aradan qaldırılmasını istəyir.
Mövzu ilə bağlı Yaxın Şərq üzrə analitik şərhçi "İnformator.az"a açıqlamasında Vüqar Əliyev bildirib ki, Misirdə oktyabrın 8-də keçiriləcək atəşkəs danışıqları Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm mərhələ hesab olunur:
"Görüşdə İsrail və HƏMAS nümayəndələri ilə yanaşı, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalının da iştirak etməsi Ankaranın Qəzza məsələsində aktiv vasitəçilik rolunu davam etdirmək niyyətini göstərir. Danışıqların əsas məqsədi tərəflər arasında dayanıqlı atəşkəsin əldə olunması və humanitar vəziyyətin sabitləşdirilməsidir. Lakin prosesin mürəkkəbliyi və tərəflərin ziddiyyətli tələbləri sülhün asan baş tutmayacağını göstərir. Hazırkı mərhələdə Qəzzada sülhün əldə olunması mümkünsüz deyil, lakin bu, ciddi kompromislər və qarşılıqlı güzəştlər tələb edir. İsrail tərəfi təhlükəsizlik zəmanətləri və girovların azad olunmasını əsas prioritet sayır. HƏMAS isə Qəzzadakı blokadanın tam aradan qaldırılmasını və bölgəyə sərbəst humanitar girişin təmin edilməsini tələb edir. Bu tələblərin bir-birinə zidd olması danışıqların uzanmasına və etimad çatışmazlığına səbəb olur. Tarixi təcrübə göstərir ki, Qəzzada əldə edilən atəşkəslər adətən müvəqqəti xarakter daşıyıb, çünki tərəflər bir-birinə inam göstərməkdə çətinlik çəkiblər. Buna baxmayaraq, Misir və Türkiyə kimi regional güclərin iştirakı prosesə müəyyən dinamika gətirə bilər”.
Həmçinin şərhçi qeyd edib ki, Türkiyənin vasitəçilik səyləri regionda geosiyasi balansı qismən dəyişə biləcək potensiala malikdir:
“Ankara uzun müddətdir ki, Fələstin məsələsində aktiv diplomatik xətt yürüdür və HƏMAS ilə birbaşa dialoq qura bilən azsaylı dövlətlərdəndir. Bu, Türkiyəyə danışıqlarda etibarlı vasitəçi imici qazandırır. Digər tərəfdən, İsrail ilə son illərdə münasibətlərin tam normallaşmaması Ankaranın rolu üçün müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, Türkiyə həm Qərb, həm ərəb, həm də müsəlman dünyası ilə paralel əlaqələri sayəsində danışıqlar masasında unikal mövqe tutur. Əgər Ankara bu prosesdə konkret nəticə əldə edə bilsə, Yaxın Şərq diplomatiyasında təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirə bilər. Sülh prosesinə ən çox təsir edən amillərdən biri isə ABŞ və İranın qarşı-qarşıya gələn maraqlarıdır. ABŞ İsrailin təhlükəsizliyini strateji prioritet kimi qoruyur və regionda İranın təsirini zəiflətməyə çalışır. İran isə əksinə, Fələstin hərəkatlarına siyasi və hərbi dəstək göstərməklə, bölgədə ABŞ və İsrail təsirinə qarşı “dirəniş oxu” yaratmağa cəhd edir. Bu ziddiyyətlər danışıqlara dolayı yolla təsir göstərir və sülh prosesini mürəkkəbləşdirir. İranın təsiri altındakı qrupların silahlı fəaliyyətləri və ABŞ-İsrail blokunun sərt cavab reaksiyaları atəşkəsin pozulma riskini artırır. Belə vəziyyətdə Misir, Türkiyə və Qətər kimi dövlətlərin diplomatik səyləri tərəflər arasında balans yaratmaq üçün əsas mexanizm rolunu oynayır. Ümumilikdə, Misirdə keçirilən danışıqlar Yaxın Şərqdə sabitlik istiqamətində mühüm cəhd kimi qiymətləndirilə bilər. Prosesin uğuru tərəflərin qarşılıqlı etimad yarada bilməsindən, regional və beynəlxalq aktorların maraqlarını tarazlaya bilməsindən asılı olacaq. Türkiyənin fəal iştirakı isə həm Qəzza məsələsində, həm də ümumilikdə regionda diplomatik balansın yenidən formalaşmasına təkan verə bilər".
Aişə Mustafayeva
