00:00:00
Yazar
Admin User
10.09.2025 11:13 133 2 dəq oxuma
Siyasət

ATƏT Gürcüstana müşahidəçi göndərməyəcək

ATƏT Gürcüstana müşahidəçi göndərməyəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidə missiyası göndərməyəcək.


Bununla bağlı ATƏT/DTİHB bəyanat yayıb.


Bildirilir ki, təsisat Gürcüstan hakimiyyətindən seçki gününə bir aydan az qalmış vaxtda müşahidəyə dəvət edilib. Bu, müşahidəni mümkünsüz edir. Belə ki, şəffaf və etibarlı seçki müşahidəsi hərtərəfli hazırlıq tələb edir.


Qeyd edək ki, Gürcüstan hökuməti oktyabrın 4-də keçiriləcək seçkilərə ATƏT/DTİHB-ni sentyabrın 6-da dəvət edib.


Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, əslində, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməməsi texniki səbəslərlə izah edilirsə də, bu, gözlənilən bir qərar olub:


“Son zamanlar, xüsusilə keçən il və bu il ərzində Gürcüstan ilə Avropa qurumları arasındakı münasibətlər bunu əsaslandırır”.


Xəyal Bəşirov qeyd edib ki, keçən il Gürcüstanda keçirilən Prezident və Parlament seçkilərinin nəticələrinə reaksiyalar, xüsusilə Avropa parlamentləri, səfirləri və digər rəsmi şəxslərin etiraz aksiyalarına qatılması, Gürcüstanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilsə də, buna Gürcüstan tərəfindən qarşı çıxılmayıb:


“Eyni zamanda, Gürcüstanda xarici agentlər haqqında qanunun və dini azlıqlara aid qanunların qəbul olunması Avropa tərəfindən ciddi tənqidlərə səbəb oldu və bu da münasibətlərin gərginləşməsinə gətirib çıxarıb.
Bu baxımdan, bələdiyyə seçkilərinə müşahidəçi göndərilməməsinin əsas səbəbi texniki məsələlər deyil, münasibətlərin gərginləşməsi və Gürcüstanda daha öncə keçirilmiş əhəmiyyətli seçkilərə Avropanın reaksiyasıdır. Avropa müşahidəçiləri əsas diqqətlərini parlament və prezident seçkilərinə yönəldirlər, çünki bu seçkilərdə baş verən proseslərə əhəmiyyət verirlər.


Üstəlik, Avropa dövlətləri Gürcüstanda keçirilən parlament və prezident seçkilərinin nəticələrini tanımayıbsa, bu bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak etmələri, nəticədə həmin seçkilərin legitimliyini təsdiq etmək kimi qəbul edilə bilər. Buna görə də, müşahidəçilərin göndərilməməsi vaxtla bağlı deyil, münasibətlərin gərginliyi və öncəki seçkilərə etirazlarla bağlıdır”.


Xəyal Bəşirov açıqlamasında vurğulayıb ki, bu qərar Gürcüstanda baş verən proseslərə ciddi təsir göstərməyəcək, lakin münasibətlərin gərginliyini artıracaq:


“Avropa dövlətləri isə bu məsələdə Gürcüstan tərəfindən münasibətlərin gərginləşdirildiyini simvolik sənədlərdə qeyd edəcəklər”.

 

Politoloq son olaraq açıqlamasına əlavə edib ki, regionla bağlı məsələlərdə isə demokratik proseslərin təşviqi baxımından, keçmiş prezident Mikayel Saakaşvili bir müsahibəsində qeyd etmişdi ki, Avropa dövlətləri Gürcistana öz standartları ilə hərəkət etməli olduqlarını tələb edib:


“Avropanın demokratiya və insan hüquqları standartları onların tətbiq olunmasını tələb edir, hətta həqiqi standartlar tətbiq olunsa belə, Avropa bunu qəbul etməyə bilər.Bu yanaşma dəyişmədikcə, Gürcüstan ilə Avropa dövlətləri, o cümlədən Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması real görünmür”.

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər