ATƏT-in Minsk Qrupu ləğv edilir
Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğvi ilə bağlı iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənib. Bu addım uzun illər davam edən vasitəçilik mexanizminin formal olaraq bağlanması və regionda yeni sülh formatının formalaşmasına şərait yarada bilər.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun mövcudluğunun heç bir faydası yoxdur, ziyanları daha çoxdur və çox mənasız bir qrup idi:
"Minsk Qrupunun aradan qalxması ilə başqa bir vasitəçi, 3-cü tərəf yaranır və birbaşa danışıqlar baş tutur. Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Minsk Qrupundan asılı deyil bu iki ölkə arasında olmalıdır. Minsk Qrupu nə sülhə töhfə verir, nə də ona mane olur. Bu Qrup sadəcə vasitəçi rolunda çıxış edir. Sülhə mane olan digər maraq qruplarıdır.
Ermənistan-Azərbaycan münasibətlərində münaqişə sönük vəziyyətdədir. Bu münaqişə artıq Beynəlxalq səviyyədə və təşkilatlar səviyyəsində çox da əhəmiyyət daşımır. Bundan əlavə sülh prosesinə əsasən kommunikasiya, nəqliyyat vasitələri ABŞ-nin nəzarətinə verilir. Bunun çox güman ki, Rusiyanın mövqeyinə təsiri var və Rusiyanın bu hala reaksiyasını görəcəyik".
Billurə Quliyeva