ATƏT-in Minsk qrupunun ləğvi regionda yeni siyasi mərhələ açır
ATƏT-in Minsk qrupu 1992-ci ildən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün əsas beynəlxalq vasitəçi qurum kimi fəaliyyət göstərib. Lakin illər ərzində aparılan danışıqlar real nəticə göstərməyib. 2020-ci il müharibəsindən sonra Minsk qrupunun rolu daha da zəifləyib və nəhayət, 2025-ci ilin dekabrınadək bu qurum və ona bağlı strukturların tamamilə ləğv olunması qərara alınıb. Bu, regionda yeni siyasi reallıqların formalaşması baxımından mühüm mərhələdir.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Minsk qrupu artıq de-fakto mövcud deyil:
“Azərbaycan öz torpaqlarını işğaldan azad edib və prinsipcə Minsk qrupu funksionallığını itirib. Digər tərəfdən, ATƏT-in Minsk qrupu hələ İkinci Qarabağ müharibəsinə qədər öz üzərinə düşən funksiyanı yerinə yetirməməklə yanaşı, eyni zamanda münaqişənin uzanmasında maraqlı idi və bu istiqamətdə fəaliyyət göstərib. Ona görə də Minsk qrupunun həmsədrləri bölgəyə yalnız turist səfərləri edirdilər. Eyni zamanda, təmsil etdikləri dövlətlərin maraqlarının həyata keçirilməsi üçün bu formatdan istifadə olunmuşdur”.
Politoloqun sözlərinə görə, Minsk qrupunun ləğv edilməsi həm Azərbaycan, həm də Ermənistan maraqlarına uyğundur:
“Çünki əgər Minsk qrupu ləğv olunmasa, o zaman bölgədə münaqişə vəziyyətinin davam etməsinə maraqlı olan qüvvələr bölgəyə daxil olmaq üçün dırnaqarası əsaslar yaratmağa çalışacaqdılar. Onlar bunu da Minsk qrupu vasitəsilə edirdilər. Bu baxımdan hesab edirəm ki, Minsk qrupunun de-yure ləğv olunması bu dırnaqarası əsasların sıradan çıxarılmasına, dolayısı ilə üçüncü qüvvələrin mövcud olmayan bu qurumdan istifadə edərək bölgəyə daxil olmasının qarşısını alır”.
Ekspertin qənaətinə görə, bu qərar həm Azərbaycan, həm də Ermənistan üçün yeni perspektivlər açır:
“Minsk qrupunun de-yure ləğv edilməsi Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına tamamilə uyğundur və hər iki ölkə üçün yeni siyasi imkanlar yaradır”.
Solmaz Muradova