00:00:00
Yazar
Admin User
03.10.2025 19:27 126 2 dəq oxuma
Siyasət

Avropa ilə İran arasında nüvə proqramı üzrə danışıqlar

Avropa ilə İran arasında nüvə proqramı üzrə danışıqlar

Avropa dövlətləri ilə İran arasında nüvə proqramı üzrə gərginlik yenidən gündəmə gəlib. Britaniya, Fransa və Almaniyanın daxil olduğu E3 qrupu, Tehranın nüvə fəaliyyəti ilə bağlı şəffaflıq göstərmədiyini bildirərək, BMT Təhlükəsizlik Şurasında “snapback” sanksiyalar mexanizmini işə saldıqlarını elan ediblər.

 

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Avropa ilə yaxınlaşmaq cəhdləri gözlənilən nəticəni verməyib:

 

“Məlum olduğu kimi, ABŞ İrana qarşı çox sərt mövqe tutur və onun nüvə proqramını tamamilə nəzarət altına almağa çalışır. Yaxın aylarda ABŞ və İranın birbaşa danışıqlar aparacağı gözlənilir. Bu arada Avropa İttifaqı ölkələri də paralel olaraq Tehranla nüvə mövzusunda dialoqa girişdi. İran ABŞ-nin güzəştə getməyəcəyini anlayaraq, Aİ ölkələri ilə münasibətləri nizamlamağa ümid edirdi. Amma Avropa dövlətlərinin də gözlənildiyindən daha sərt mövqe tutması Tehran üçün sürpriz oldu. Avropanın sərt xətt tutmasının arxasında yalnız nüvə proqramı təhlükəsi deyil, həm də İranın geosiyasi davranışları dayanır. Avropa İttifaqının sərt mövqeyinin əsas səbəblərindən biri İranın Rusiyaya dron və silahlar verməsi, bununla Ukrayna müharibəsində Kremlə dəstək göstərməsidir. Bu, Qərbin strateji maraqlarına ziddir. Digər tərəfdən, İranın Yaxın Şərqdəki siyasəti Avropa paytaxtlarında ciddi narahatlıq doğurur. İranın “yubatma taktikası” bir tərəfdən regionda nüvə imkanlarını qorumağa, digər tərəfdən isə Qərb ilə münasibətlərdə daha əlverişli mövqe qazanmağa yönəlib. Lakin Avropa ölkələrinin sərt mövqeyi bu siyasətin iflasa uğrama ehtimalını artırır. Nəticə olaraq, İranla Avropa arasındakı diplomatik gərginlik qarşıdakı aylarda daha da dərinləşə bilər. Əgər Tehran IAEA ilə əməkdaşlıq etməsə və nüvə proqramı üzrə şəffaflıq göstərməsə, yeni və daha sərt sanksiyaların tətbiqi istisna edilmir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər